Şirvanda COVİD-19 infeksiyasına qarşı mübarizəyə həsr olunmuş videokonfrans formatında müşavirə keçirilib.
Müşavirəyə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər bələdiyyəsinin, aidiyyəti xidmət təşkilatlarının, idarə və müəssisələrin rəhbərləri qatılıb.
Videomüşavirədə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının yerinə yetirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yeni növ korona virus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə çoxsaylı xəstəxanaların inşa edildiyini, səhiyyənin maddi-texniki bazasının ən müasir tibbi-texniki avadanlıqlarla, dərman pereparatları, təcili yardım maşınları, xüsusi laboratoriyalar ilə təmin edildiyini, ixtisaslı kadr potensialının daha da gücləndirildiyini qeyd edib.
Xüsusi karantin rejimi müddətində koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Şirvan şəhəri üzrə Operativ Qərargahın, mobil təbliğat qruplarının fəaliyyətlərini daha da gücləndirdiyini, Şirvan Bələdiyyəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi hazırlıq keçmiş sanitar briqadalarının fəallığı ilə şəhər ərazisində geniş miqyaslı profilaktik tədbirlərin davam etdirildiyini, yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkənlərində, ticarət və xidmət obyektlərində, sərnişin daşıma xidməti göstərən nəqliyyat vasitələrində, ödəniş terminallarında, park və xiyabanlarda mütəmadi dezinfeksiya işlərinin aparıldığını vurğulayıb.
COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də əhalinin vaksinasiya olunmasının önəmindən danışıb. Xüsusi karantin rejiminin yumşaldılmasından sonra görülən tədbirlərə baxmayaraq son vaxtlar şəhərdə virusa yoluxan xəstələrin iş yerlərində, şadlıq saraylarında, ictimai nəqliyyatda yoluxduğunu qeyd edib. Şəhərin idarə, müəssisə və təşkilat rəhbərlərinə kollektivlə yanaşı onların ailə üzvlərinin də vaksinasiya prosesinə cəlb edilməsi istiqamətində tapşırıqlar verib. Bu işin daha da sürətləndirilməsinin vacibliyini qeyd edərək hər kəsin bu dövlət əhəmiyyətli məsələyə xüsusi məsuliyyətlə yanaşmasını tapşırıb.
Şirvan Şəhər İcra Hakimiyyətin başçısı 16 avqust 2021-ci il tarixindən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduqları halda həyata keçiriləcəyi barədə məlumat verib.
Videomüşavirədə iştirak edən şəxslər çıxış edərək öz fəaliyyət sahələri üzrə yeni növ korona virus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların vaksinasiyaya cəlb edilməsi istiqamətində gördüyü işlər və həyata keçirdikləri qabaqlayıcı tədbirlər barədə məlumat veriblər. Qısa müddət ərzində əhalini vaksinasiyaya cəlb edəcəklərini bildiriblər.
Sonda şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan şəhəri ərazisində xüsusi karantin rejiminin tələblərinə və sanitar-gigiyena qaydalarına bundan sonra da ciddi riayət edilməsİ, nəzarət işlərinin və profilaktik tədbirlərin davam etdirilməsi, sakinlərin vaksinasiyaya cəlb edilməsi barədə aidiyyəti qurumların rəhbərlərinə ciddi tapşırıqlar verib.
Mətbuat Xİdməti