Gənclər Evində “İkinci Qarabağ müharibəsi Şirvan Şəhidləri” Kitabının təqdimat mərasimi keçirilib
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, ”Nərmin yayım evinin” və “İkinci Qarabağ müharibəsinin Şirvan şəhidləri” kitabının layihə rəhbəri Məlahət Əbülfəzqızı, redaktoru Dürdanə Ramazanlı, vətən müharibəsi şəhidlərinin ailələri öncə Şirvan “Şəhidlər Xiyabanı” nı ziyarət ediblər.Şəhid məzarları üzərinə tər qərənfillər düzərək əziz xatirələrinə dərin etiramlarını ifadə edib ruhlarına dualar oxuyublar.
Sonra Gənclər Evində “İkinci Qarabağ müharibəsinin Şirvan şəhidləri” kitabının təqdimat mərasimi keçirilib.Mərasim Dövlət himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasimdə “Nərmin Yayım Evi” nin rəhbəri, kitabın redaktoru, şəhər ziyalılarının, şəhid ailələrinin və şəhər İcra Hakimiyyətinin nümayəndələri, məktəblilər, mədəniyyət və incəsənət təmsilciləri çıxış ediblər. “İkinci Qarabağ müharibəsinin Şirvan şəhidləri” kitabının işiq üzü görməsində əməyi olan hər kəsə və tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Mərasimdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində belə kitabların əhəmiyyətindən danışılıb. 44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında şəhidlərimizin, qəhrəman əsgər və zabitlərimizin, müzəffər ordumuzun, Qalib Ali Baş Komandan, möhtərəm prezidentimiz cənab İlham Əliyevin tarixi xidmətlərindən bəhs edilib. Şəhid ailələrinə, vətən müharibəsində yaralanan qəhrəman əsgər və zabitlərimizə dövlət səviyyəsində və yerlərdə göstərilən diqqət və qayğı barədə ətraflı məlumat verilib.
Şəhid ailələrinə, qazilərə göstərilən qayğıya və dəstəyə görə dövlət başçısına və Birinci vitse prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.
Sonda tədbirdə iştirak edən Vətən müharibəsi şəhidlərinin ailələrinə “İkinci Qarabağ müharibəsinin Şirvan şəhidləri” kitabı təqdim edilib.
Mətbuat Xidməti