Şirvan Şəhər İcra Hakimiyyəti yanında Operativ Qərərgahın növbəti iclası keçirildi.
Xüsusi karantin rejiminin qaydaları gözlənilməklə keçirilən iclasda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, polis şöbəsinin rəisi Hikmət Quliyev, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Mərkəzi Şəhər Xəstəxanası Publik hüquqi şəxsin direktoru İlham Mustafayev, İcra Hakimiyyətinin başçısının müavinləri və aidiyyəti xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə həyata keçirilən tədbirlər barədə məlumat verdi. Respublikamızda yeni xəstəxanaların inşa edildiyini, müasir laboratoriyaların, təcili yardım maşınlarının alındığını, səhiyyənin maddi-texniki bazasının dərman pereparatları ilə təminatının yaxşılaşdırıldığını, kadr potensialının daha da gücləndirildiyini qeyd etdi.
Əhalinin sağlamlığının qorunması məqsədi ilə şəhər ərazisində də koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərdən danışdı. Hər biri dörd nəfərdən ibarət olmaqla 36 mobil təbliğat qrupunun əhali arasında koronavirus infeksiyası əleyhinə maarifləndirmə işlərini apardığını, Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan Bələdiyyəsinin və Gigiyena Epidemiologiya Mərkəzinin xüsusi hazırlıq keçmiş dezinfektorları tərəfindən ictimai yaşayış binalarının ətrafında, giriş bloklarının pilləkənlərində, əhalinin daha çox istifadə etdiyi nümunəvi məhəllələrdə, park və xiyabanlarda, sərnişin xidməti göstərən nəqliyyat vasitələrində, bankomatlarda vaxtaşırı dezinfeksiya işlərinin aparıldığını bildirdi.
Koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə şəhər əhalisi arasında vaksinləşmə prosesinin əhəmiyyətindən və bu sahədə görülən işlərdən bəhs etdi. Görülən işlərin təhlilini apardı. İcra Hakimiyyətinin işçilərinin sakinlərin vaksinləşmə prosesinə cəlb edildiyini, şəhərin küçə və prospektlərində səsgücləndiricilər vasitəsi ilə post-patrul xidmətinin əməkdaşları tərəfindən maarifləndirmə işlərinin yaxşı təşkil edildiyini qeyd etdi. İdarə, müəssisə və təşkilatlarda peyvənd olunmayan işçilərin və onların ailə üzvlərinin, dövlətdən pensiya, müavinət və sosial yardım alan şəxslərin vaksinasiyaya cəlb edilməsi barədə tapşırıqlar verdi. 16 avqust 2021-ci il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılmasının yanlız peyvənd olunmaları və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (COVİD-19 pasportunu) təqdim etdikləri halda həyata keçiriləcəkdir.
Sonra Şirvan şəhər İcra Hakimiyyətinin başçısı, Operativ Qərargahın sədri İlqar Abbasov Məhərrəmlik ayında da şəhər ərazisində fəaliyyət göstərən dini ibadət yerlərində, məscidlərdə ibadətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 may 2021-ci il tarixli qərarına uyğun olaraq davam etdirilməsinin əhəmiyyətindən danışdı. Bu barədə aidiyyəti qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi. Tədbirdə çıxış edən aidiyyəti qurumların rəhbərləri Operativ Qərargahın fəaliyyəti, rəhbərlik etdikləri kollektivdə əhalinin peyvəndlənmə prosesinə cəlb olunması sahəsində gördükləri işlər barədə ətraflı məlumat verdilər.
İclasa yekun vuran Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov koronavirus pandemiyasının tezliklə başa çatması üçün şəhər ərazisində peyvəndlənmə prosesinin sürətləndirilməsi və Məhərrəmlik ayı ilə əlaqədər dini ibadət yerlərində Nazirlər Kabinitinin qəbul etdiyi qərarlara ciddi əməl olunması barədə müvafiq qurumların rəhbərlərinə xüsusi tapşırıqlar verdi.
Mətbuat xidməti