22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür
22 iyul 2023 | 08:32
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 148 il ötür.
Ölkəmizdə anadilli ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə qoyulub və "Əkinçi" qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
Ötən yüzilliyin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatın inkişafında da əsaslı dönüş yaranmışdır. 1993-cü ildə yenidən hakimiyyətə qayıtmış Ümummilli lider Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edərək, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən senzuranı aradan qaldırmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, mətbuatın kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsinə şərait yaratmışdır. Azərbaycan milli jurnalistikası həmin dövrdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu öndərin mətbuata və mətbuat işçilərinə göstərdiyi diqqət və qayğı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan mediası bu gün dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Hörmətli media nümayəndələri,
Sizi 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edir, Azərbaycan mətbuatının tərəqqisi naminə şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.