Şriftin ölçüsü :

Saytın rəngi :

Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri

27 avqust 2021 | 16:00

Pambıq asan alovlanan lifli maddədir. Alışdırma mənbəyinin (qığılcım, közərən siqaret və s.) təsirindən uzun vaxt ərzində közərməyə qadirdir. Alovlanma temperaturu 2100 C, öz-özünə alovlanma temperaturu 407o C, öz-özünə alışdığı zaman közərmə temperaturu 2050 C-dir. Pambıq tozu 100-315 mkm (mikrometr) darılmış (parçalanmış) halda və 0,1-8,6% nəmlik halında 44-90 q/m3 həddində partlayış təhlükəli toz hava qarışığı yaratmağa qadirdir. Azot və kükürd turşusu təsirindən, eləcə də oksidləşdiricilərlə əlaqəyə girərək pambıq öz-özünə alışa bilər. Pambıq üzərinə düşən bitki yağları da asanlıqla oksidləşərək pambığın öz-özünə alışmasına səbəb olur. Çiyidli pambığın öz-özünə qızışma temperaturu 600 C-dir. Çiyidli pambıq kütləsinin dərinliyinə yanma prosesi közərmə (alovsuz yanma) şəklində baş verir. Alovsuz yanma, pambığın bütün kütləsinin yanıb qurtaranadək  davam edir.
    Yanmanın yayılma sürəti pambığın nəmliyi, kipliyi (sıxlığı), tayanın ölçüsü və yanğının yayılma səmtindən asılıdır. Çiyidli pambığın adi ölçülü tayasında yanğının dərinliyə yayılma sürəti dəqiqədə 0,6-0,7 mm-dir. Çiyidli pambığın səthi üzrə yanması iki cür, yəni, alovla və ya közərmə şəklində gedə bilər. Pambıq tayasının üst səthi ilə yanğın yayılma sürəti dəqiqədə 15 metr, xətti yanma sürəti isə dəqiqədə 0,6-0,7 metrdir. Real yanğın şəraitində yanğının üst səthi ilə yayılmasına təkcə xətti yanma sürəti deyil, həm də külək təsir edir. Külək yanan pambıq hissəciklərini müxtəlif məsafələrə (100 metrədək) apararaq çoxlu yağın mənblərini yaratmış olur.
    Pambıqtəmizləmə zavodlarında xam pambıqdan toxum ayırmaqla pambıq lifi alınır. Müvafiq qaydada emaldan sonra pambıq lifləri top şəklində bağlanır. Mikroskop altında baxdıqda pambıq lifi sellüloz divarları və kanalı olan boruya oxşayır. Kanalda bitki orqanizminin hüceyrəsinin əsasını təşkil edən maddəllərin qurumuş qalıqları və hava, yəni oksigen vardır. Üst sahəsinin böyük olması və daxilində hava olan kanalların mövcud olması səbəbindən pambıq lifi qığılcımdan çox asanlıqla alışır və özünə məxsus iylə, böyük sürətlə yanır.
    Pambıq 1000 C-dək qızdıqda bozumtul-qəhvəyi rəngini, 1800 C-də isə qonur rəngini alır. Pambıq tayasının daxilində, xaricdən hava daxil olmadan, natamam yanma və közərmə də gedə bilər. Natamam yanma səbəbindən külli miqdarda tüstü ayrılır. Yanma məhsullarının müəyyən hissəsi pambıq kütləsi tərəfindən udulur. Taya daxilində yanğın bir neçə saat və ya bir neçə sutka davam edə bilər. Pambıq yandıqdan sonra yerində  asan dağılan boz kül qalır.
    Hazırkı tələblərə istismarda olan, yenidən qurulan və inşa olunan pambıq zavodu, pambıq tədarükü məntəqələrində, qurutma və təmizləmə sexlərində, eləcə də təsərrüfatlarda pambığın yığılması, daşınması, saxlanılması və emal olunması zamanı mütləq qaydada əməl edilməsinə nəzarət edilməlidir.
    Pambıq zavodu, tədarük məntəqəsi, qurutma-təmizləmə sexləri və təsərrüfatlarda tələb olunan yanğına qarşı rejimə əməl olunması və yanğına qarşı tədbirlərin vaxtında yerinə yetirilməsi üçün cavabdehlik həmin obyektlərin rəhbərinin üzərinə düşür.
    Ayrı-ayrı sex, anbar, xırman, təsərrüfat bölüklərində yanğına qarşı vəziyyət və yanğına qarşı tədbirlərin vaxtında yerinə yetirilməsi üçün cavabdehlik sex rəisləri, anbar müdiri, mülkiyyət sahiblərinin üzərinə düşür. Göstərilən şəxslər olmadıqda isə cavabdehliyi onları əvəz edənlər daşıyır.
    Yanğın təhlükəsizliyinə cavabdeh şəxs müəssisə rəhbərinin əmri ilə təyin edilməlidir.
    Pambıq zavodu, pambıq tədarükü məntəqəsi, təmizləmə-qurutma sexi, pambığın toplanması və emal edilməsi üçün yeni işə qəbul olunan hər şəxs-fəhlə, traktorçu, sürücü, iş icraçıları və digərləri qüvvədə olan yanğın təhlükəsizliyi qaydalarını bilməli və qaydalara ciddi riayət etməlidir. Bu məqsədlə müəssisə, təşkilat rəhbəri əmr verməlidir. Əmrdə bütün yeni işə qəbul olunanların mütləq yanğına qarşı təlimatlandırılması əks edilməli və təlimat keçirilməsi üçün cavabdeh olan vəzifəli şəxs göstərilməlidir.
    Fəhlə və qulluqçularla yanğına qarşı təlimat keçirilməsi üçün cavabdehlik pambıq zavodu, pambıq tədarükü məntəqəsi, qurutma-təmizləmə sexi rəhbərinin və yanğın təhlükəsizliyi üçün cavabdeh olan vəzifəli şəxsin və ya sahibkarların üzərinə düşür.
    Yanğına qarşı təlimatın məqsədi yeni işə qəbul edilən fəhlə və qulluqçuları pambıq zavodu, pambıq tədarükü məntəqəsi, qurutma-təmizləmə sexi üçün təyin edilmiş yanğına qarşı rejimlə, daxili nizam-intizam qaydaları ilə, işləyəcəyi sahənin yanğın  təhlükəli yerləri ilə yanğın baş verməsinin ehtimal olunan səbəbi və alışdırma mənbələri ilə, onların qarşısının alınması tədbirləri və yanğın aşkar etdikdə görüləcək işlərlə tanış etmək, işə başlamaq ərəfəsində və iş vaxtı, eləcə də iş qurtardıqdan sonra yanğın təhlükəsizliyi tədbirlərinin yerinə yetirilməsi, yanğın baş verərsə yanğınsöndürmə vasitələrinin tətbiq etmə üsullarını və yanğın söndürmə  xidmətinin (eləcə də könüllü yanğın dəstələrinin) çağırılması qaydalarını praktiki olaraq öyrədilməsindən ibarətdir.
    Aidiyyəti sex, anbar, xırman, digər təyinatlı otaq və yaxud onların şöbələrinin yanğın təhlükəsizliyinə cavabdeh şəxs fəhlə və qulluqçular tərəfindən yanğına qarşı rejimə riayət olunmasına, eləcə də DYN orqanlarının göstərişi ilə verilən yanğına qarşı tədbirlərin və qaydaların tələblərinin vaxtlı-vaxtında yerinə yetirilməsinə daim nəzarət etməli, işlərin qurtarması ərəfəsində otaq və iş yerinin xidmətçi heyət tərəfindən dəqiqliklə təmizlənməsini təşkil etməli, iş qurtardıqdan sonra isə bütün qüvvə və növbətçi işıqlandırma sistemi istisna edilməklə işiqlandırıcı elektrik şəbəkələrini dövrədən ayırmalı, yanğınsöndürmə və rabitə vasitələrinin saz vəziyyətdə saxlanılmasını təmin etməli, fəhlə və qulluqçulara yanğın baş verərsə yerinə yetirəcəkləri vəzifələri izah etməli, bütün fəhlə və qulluqçuları cəlb etməklə mövcud olan yanğınsöndürmə vasitələrilərini tətbiq edərək yanğının söndürülməsi üçün lazımi tətbirlər görməlidir.
    Pambıq zavodu, pambıq tədarükü məntəqəsi və digər bu kimi müəssisə rəhbəri obyektdə yanğından mühafizə xidmətinin mövcud olub-olmamasından  asılı olmayaraq, fəhlə və qulluqçulardan könüllü yanğın dəstəsi  təşkil etməlidir. Obyektin əhəmiyyəti, strukturu və yerli xüsusiyyətindən asılı olaraq könüllü yanğın dəstəsi ümumi obyekt üzrə və ya sex üzrə  təşkil edilə bilər. Böyük anbar, sex, ayrı-ayrı anbar və qurutma-təmizləmə sexlərində könüllü yanğın dəstəsinin  döyüş bölgüsü təşkil edilməlidir. Könüllü yanğın dəstəsinin vəzifələrinə xidmət etdikləri obyektdə yanğına qarşı rejimə riayət olunmasına nəzarət etmək, yanğına qarşı rejimə riayət olunması qaydalarını fəhlə və qulluqçulara izah etmək, yanğınsöndürmə vasitələrinin saz vəziyyətdə saxlanılmasına və daim istifadəyə hazır olmasına nəzarət etmək, yanğın baş verdikdə yanğınsöndürmə xidmətini çağırmaq və baş vermiş yanğını mövcud olan vasitələrlə söndürmək üçün dərhal tədbir görmək daxildir. Könüllü yanğın dəstəsinin hazırılğı və  fəaliyyət göstərməsi üçün cavabdehlik pambıq zavodu, pambıq tədarükü məntəqəsi, sex və s. obyekt rəhbəri üzərinə düşür. Könüllü yanğın dəstəsi  üzvlərinin sayı zavod, tədarük məntəqəsi və s. təşkilat rəhbəri tərəfindən, yerli yanğından mühafizə orqanı ilə razılaşdırılaraq müəyyənləşdirilir. Könüllü yanğın dəstəsinin üzvlərinin vəzifələri və yanğın baş verdikdə vəzifə bölgüsü üzrə yerinə yetirəcəyi işlər əvvəlcədən müəyyənləşdirilməli, habelə bu barədə tərtib edilmiş təlimat və lövhələr gözə görünən yerlərdə asılmalıdır.
    Yanğın təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş profilaktika tədbirləri işləyib hazırlamaq üçün təsərrüfatda və ya pambıq zavodunda yanğın-texniki komissiya təşkil edilməlidir. Komissiya tərkibinə könüllü yanğın dəstəsinin rəhbəri, energetik, mühəndis, təhlükəsizlik texnikası üzrə mühəndis, texnik, mexanik, ictimaiyyət nümayəndələri də daxil edilə bilər. Komissiyanın sədri baş mühəndis təyin edilir. Yanğın-texniki komissiyanın tərkibi obyekt rəhbərinin əmri ilə elan edilir.
    Pambığın toplanması, daşınması, saxlanması, emalı ilə məşğul olan fəhlə və  qulluqçular istehsalat intizamına malik olmalı, xammal və hazır məhsulun yanğın təhlükəsini və yanğın təhlükəsizliyi qaydalarını bilməlidirlər. Könüllü yanğın dəstəsinin üzvləri, fəhlə və mühəndis texniki işçilər bu kimi biliklərə malik olmaları üçün onlarla yanğına qarşı texniki minimum üzrə dərslər və təlimat keçirilməlidir. Bu məqsədlə obyekt rəhbərinin müvafiq əmri olmalıdır.
    Kənd təsərrüfatı texnikasının-traktor, pambıqyığan maşın, avtomobil və s. pambıq yığımına və daşınmasına hazırlığı xüsusi komissiya tərəfindən müəyyənləşdirilməlidir. Komissiyanın tərkibi obyekt rəhbərinin əmri ilə təyin edilir.
    Pambıqtəmizləmə zavodu və pambıq tədarükü məntəqəsinin yanğınsöndürmə xidməti  və rayon mərkəzi ilə telefon əlaqəsi olmalıdır. Baş vermiş yanğın barədə fəhlələri xəbərdar etmək üçün hər bir pambıqtəmizləmə zavodu, pambıq qəbulu məntəqəsi və qurutma-təmizləmə məntəqəsi ərazisində səslə xəbərdaretmə qurğusu olmalıdır. Pambıq tədarükü məntəqəsini zavoda nisbətən elə yerləşdirmək lazımdır ki, küləyin üstünlük təşkil edən səmti zavoda tərəf olsun. Bunun da məqsədi baş verəcək yanğının mümkün qədər az miqdarda  tayalara  yayılmasını təmin etməkdir. Pambıq zavodlarına və pambıq tədarükü məntəqələrinə ümumi istifadə yollarından  daxil olmaq üçün ayrı-ayrı tərəflərdən ən azı iki yol olmalıdır. Su hovuzlarına yaxınlaşmaq üçün etibarlı yol və yanğın texnikasının sərbəst hərəkəti üçün hovuz ətrafında 12x12 m ölçüdə meydança olmalıdır. Yol və meydança möhkəm örtüklü olmalı və ilin istənilən vaxtında nəqliyyatın hərəkəti üçün əlverişli olmalıdır. Zavod ərazisindən çəkilmiş dəmir yolu üzərində ən azı iki keçid olmaldır. Xam pambığın pnevmatik nəql etmə borularını yolun üstü ilə çəkilməsi yolverilməzdir. Borular  yolaltı qanovlarda  və yaxud hündürlüklə çəkilməlidir. Qığılcımboğucularla təchiz edilməyən avtonəqliyyat vasitələrinin  pambıqtəmizləmə zavodu və pambıq qəbulu məntəqəsinin ərazisinə daxil olması qadağandır. Qığılcımboğucularla  təchiz edilmiş avtonəqliyat vasitələri və traktor xam pambıq saxlanılan və qurudulan yerlərə 5 metrdən yaxın buraxılmamalıdır. Qığılcımboğucularla təchiz edilmiş qatar pambığın açıq halda saxlanıldığı yerə 50 metr, bağlı anbara isə 25 metrdən yaxın  buraxılmamalıdır. Xam pambıq tayası xüsusi parçadan olan örtüklə örtülməlidir. Anbarda, talvar altında  və açıq meydançalarda  xam pambıqla birgə kənar əşya və material   saxlamaq qadağan olunur.
    Pambıqtəmizləmə  zavodu, pambıq  qəbulu  məntəqəsi, qurutma-təmizləmə sexi və xırman ərazisində siqaret çəkmək və od qalamaq, yanğına qarşı ara məsafələrində pambıq yığmaq qadağan olunur. Müəssisə ərazisində siqaret çəkmək üçün xüsusi yerlər ayrılmalıdır. Siqaret çəkilməsinə icazə verilən yerlərdə müvafiq işarələr asılmalı, belə yerlərdə su ilə təchiz olunan, yanmayan materiallardan olan külqabı qoyulmalıdır. Külqabı özü bağlanan qapaqla təchiz olunmalıdır.
    Pambıq zavodu, pambıq tədarükü məntəqəsi, qurutma-təmizləmə sexi və xırman  ərazisində yaşayış qadağandır.
    Pambıqtəmizləmə  zavodu, pambıq  qəbulu məntəqəsi,  qurutma-təmizləmə  sexi və  xırman ərazisi quru otdan, dağılmış pambıq, zibil, pambıq tozu, qamış və digər yanar  materiallardan  təmizlənməlidir.
    Hər bir pambıqtəmizləmə zavodu, pambıq qəbulu məntəqəsi, qurutma-təmizləmə sexində bütün güc və işıqlandırıcı elektrik avadanlığının, eləcə də digər maşın və aqreqatların planlı ehtiyat  təmir qrafiki tərtib edilməli və vaxtında yerinə yetirilməlidir. Qurutma-təmizləmə sexi və pambıqtəmizləmə zavodu ərazisində asan alovlanan və yanar maye ikinci qrupa aid olan maye anbarına aid tələblərə uyğun saxlanılmalı, pambıq təmizləmə zavodunun və pambıq tədarükü məntəqəsinin ərazisi 2 metr hündürlükdə hasarla əhatəyə alınmalıdır.
    Xam pambıq zavodyanı pambıq tədarükü məntəqəsində bağlı anbarlarda, talvar altında və açıq meydançada-tayalarda saxalanıla bilər. Xam pambıq açıq meydançada bir tayanın alt sahəsinin ölçüsü 65x14 m olduqda - ən çoxu 2 taya, 25x14 m olduqda - ən çoxu 4 taya, 22x11 m olduqda isə  meydançada ən çoxu 6 taya saxlanıla bilər. Qrup tərkibindəki tayalar arası yanğına qarşı məsafələr isə tayaların uzununa və eninə olan tərəflərin ölçülərindən asılı olaraq 15 metrdən 30 metrədək qəbul edilir. Taya qrupları arası yanğına qarşı məsafə 30 m-dən az, tayanın hündürlüyü isə 8 metrdən çox olmamalıdır. Pambıq toxumu saxlanılan açıq meydançalardan I və II odadavamlılıq dərəcəli binalaradək məsafələr 8 metrdən, III odadavamlılıq dərəcəli binalaradək 10 metrdən, IV və V odadavamlılıq dərəcəli binalaradək 12 metrdən, xam pambıq və pambıq lifi saxlanılan açıq meydançalaradək isə 16 metrdən az olmamalıdır. Pambıq təmizləmə zavodlarında pambıq lifi bina və qurğulara qədər tələb olunan yanğına qarşı ara məsafəni saxlamaqla, bağlı binada, talvar altında, açıq meydançalarda ştabellərdə saxlanıla bilər. Pambıq lifləri açıq meydançada, ştabellərdə saxlanıldıqda ştabelin uzunluğu 22 metrdən, eni 11 metrdən, hündürlüyü 8 metrdən, çəkisi  isə 300 tondan çox olmamalıdır.
    Talvar və açıq meydança ikinci dərəcəli, köməkçi dəmir yolu yaxınlığında yerləşdirildikdə ştabellərlə dəmir yolu xətti arasındakı məsafə 5 metrdən az olmamalıdır.
    Təmizləmə sexində və zavodun əsas korpuslarında mütləq daxili yanğına qarşı su kəməri quraşdırılmalıdır. Yanğın kranları vasitəsilə daxili yanğınların söndürülməsi üçün su sərfiyyatı, binanın həcmindən asılı olmayaraq, hər birinin su sərfi 2,5 l/s olmaqla iki şırnaq hesabından qəbul edilir. Bu kranlar mümkün qədər otaq daxilində, girişə yaxın, pilləkən meydançasında, dəhliz və ya keçidlərdə döşəmədən 1,35 m hündürlükdə quraşdırılmalı, onunla eyni diametrli, 20 m uzunluqda yanğın şlanqı, lülə və birləşmə başlığı ilə təchiz edilməlidir.

FHN DYNX-nin Yanğına Qarşı Təbliğat Şöbəsi

Keçidlər