Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətində medalların təqdimat mərasimi keçirilib.

17 sentyabr 2021 | 16:00

Ölkə Prezidentinin sərəncamları ilə Vətən müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu müxtəlif orden və medallarla təltif edilib. 16 sentyabr 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətində medalların və onların vəsiqələrinin Vətən müharibəsinin iştirakçılarına təqdim edilməsi münasibətilə tədbir keçirilib.
    Şirvan Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin birgə təşkilatçılığı və idarə-müəssisə rəhbərlərinin, müharibə iştirakçılarının iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Vətən müharibəsində və ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Bildirib ki, İkinci Qarabağ müharibəsində qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərib. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar, görülən işlər qısa müddət ərzində az itkilərlə düşmənə sarsıdıcı zərbə vurmaq, 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızdan birdəfəlik qovmaq məqsədi daşıyırdı. Eyni zamanda dövlət başçısının keçirdiyi görüşlər, dünyanın nüfuzlu televiziya kanallarına verdiyi müsahibələr döyüş meydanında qazanılmış qələbələrin siyasi müstəvidə davamı idi. Bu qələbə Azərbaycanın siyasi, hərbi quruculuq, hərbçilərimizin peşəkarlığı sayəsində üstünlüyünün sübutu oldu. Cənab Prezidentin də dəfələrlə dediyi kimi 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. “Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir !”
    Sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin rəis müavini Musa Nağıyev ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, dövlət başçısının qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatının möhkəmləndirilməsindən danışıb. O, şəxsi heyətin döyüş və mənəvi hazırlığının əhəmiyyətli dərəcədə artırılmasından, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüşlərdə misilsiz şücaət və rəşadət göstərmiş şəhidlərimizə, qazilərimizə, onların ailələrinə göstərilən diqqət və qayğıdan da bəhs edib. Qeyd olunub ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti bu qayğı müqabilində Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirib, torpaqlarımızı işğaldan azad edib. Məhz vətənpərvəlik ruhunun düzgün təbliğinin nəticəsidir ki, Şirvan şəhər gənclərindən səfərbərlik üçün müraciət edənlərin sayı həddindən artıq çox idi. Lakin qismən səfərbərlik elan olunduğu Vətən müharibəsində iştirak edənlər müaraciət edənlərin yalnız bir hissəsi idi. 
    Daha sonra dövlət başçısının müvafiq sərəncamları ilə Vətən müharibəsindəki igidlik və şücaətlərinə görə təltif olunan şəxslərin medalları Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin rəis müavini Musa Nağıyev, Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Ailələri İctimai Birliyinin sədri Pənah Xankişiyev tərəfindən onlara təntənəli surətdə təqdim edilib.

Mətbuat xidməti

Şəkillərin davamı üçün facebook səhifəmizə daxil olun. https://www.facebook.com/shirvan.ih/posts/1917420465085250

Keçidlər