Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 16-da Şirvan şəhər, Hacıqabul, Salyan, Biləsuvar, Cəbrayıl və Neftçala rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib.

17 sentyabr 2021 | 16:00

Konfrans iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Şirvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib. Abidə önünə gül-çiçək dəstələri qoyaraq xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
    Şirvan şəhər Gənclər Evinin inzibati binasında keçirilən Şirvan şəhər, Hacıqabul, Salyan, Biləsuvar, Cəbrayıl və Neftçala rayon  təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev, Şirvan  Şəhər İcra Hakimiyyətinin  Başçısı İlqar Abbasov sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
    Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
    Konfransı giriş nitqi ilə açan Şirvan  şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov öncə konfrans iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Son illərdə ölkəmizdə 3500-dən çox yeni məktəb binasının tikildiyini və ya əsaslı, cari təmir edildiyini, təhsil ocaqlarının maddi-texniki bazasının daha da yaxşılaşdırıldığını bildirib. Xarici ölkələrdə təhsil alan 5000-dən çox tələbənin təhsil haqqının, yaşayış xərclərinin dövlətimiz tərəfindən qarşılandığını qeyd edib. Ölkəmizdə təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğı nəticəsində pandemiyaya baxmayaraq 2020-2021-ci tədris ilində də böyük uğurların əldə edildiyini bildirib. Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə  Müzəffər Ordumuzun 44 günlük Vətən Müharibəsində qələbəsinin təmin edilməsində orta məktəblərdə yüksək vətənpərvərlik ruhunda yetişmiş gənclərin göstərdikləri şücayət və qəhrəmanlıqlardan danışıb. Ölkəmizdə 27 sentyabr Anım Gününün keçirilməsi istiqamətində görülən işlərin, Şəhid ailələri ilə keçirilən görüşlərin önəmini vurğulayıb. Qarşıdan gələn 2021-2022-ci tədris ilinin də  uğurla başa vurulması istiqamətində konfrans iştirakçılarına tapşırıq və tövsiyələrini verib. Təhsil işçilərinə uğurlar arzu edib.
    Daha sonra nazirliyin ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev konfransda iştirak edən şəhər və rayonlar üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər, buraxılış imtahanlarında göstərilən nəticələr və nöqsanlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunulub. Sonra F.Həmzəyev təhsil işçilərinə uğurlar arzulayıb.
    Tədbir “Vətən müharibəsi iştirakçısı” olan Şirvan  şəhər S.Hüseynov adına 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Kamal Həsənov  və B.Aslanov adına 16  nömrəli tam orta məktəbin gənc müəllimi Nailə  Əliyevanın çıxışı ilə davam edib.
    Konfransda Biləsuvar liseyinin icraçı direktoru Bəhruz Mehdiyevin “Məktəb idarəetməsinin prioritetləri” barədə çıxışı dinlənilib.
    Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.
    Konfrans müzakirələrlə davam etdirilib, təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.

         Mətbuat xidməti                                      

Keçidlər