Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov yeni tədris ilinin başlanması münasibətilə şəhər təhsil ictimaiyyətini təbrik edib.

21 sentyabr 2021 | 16:00

Azərbaycan təqviminin ən əlamətdar günlərindən biri - yeni tədris ilinin başlanması münasibətilə şəhər təhsil ictimaiyyətini, müəllim, şagird və tələbələri, xüsusilə ilk dərs gününün həyəcanını yaşayan birinciləri və valideynlərini təbrik edir, yeni dərs ilində müvəffəqiyyətlər arzu edirəm.
    Respublikamızda tədris ili sentyabr ayının 15-dən başlasa da, Təhsil Nazirliyinin qərarına əsasən, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, bu il də dərslər mərhələli şəkildə bərpa ediləcək. 1-4-cü siniflər 22 sentyabrdan, 5-11-ci siniflər və ali məktəblər isə 29 sentyabrdan ənənəvi təhsilə başlayacaq.
    Pandemiyanın ilk günlərindən ənənəvi təhsil mümkün olmasa da, təhsil müəssisələrimiz distant və digər formalarda məktəblilərin elmə, təhsilə yiyələnməsi üçün əllərindən gələni etdilər. Bütün bunların nəticəsidir ki, 2020-2021-ci tədris ili xeyli uğurlarla yadda qaldı. Belə ki, bu il Şirvan şəhərində ümumtəhsil məktəblərindən məzun olan 654 nəfər şagirddən 322 nəfəri respublikamızın müxtəlif ali təhsil ocaqlarına, 116 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunaraq, tələbə adını qazanmışdır. Onlardan 25 nəfəri 600 baldan, 38 nəfəri isə 500 baldan yuxarı toplayıblar. Ən yüksək nəticəni isə 689,6 balla Şirvan şəhər Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəbin məzunu Əliyeva Elvina İlqar qızı göstərib. 23 nəfər fərqlənmə attestatı alıb, 3 nəfər respublika fənn olimpiadasının qalibi, 3 nəfər isə respublika fənn müsabiqəsinin qalibi olub.
    Ölkə Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq, hər il yeni-yeni məktəblərin tikilməsi, təhsilin maddi-texniki bazasının, infrastrukturunun yenilənməsi, təhsil işçilərinin müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılması təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu il şəhərimizdə 1,10,11,18 nömrəli tam orta məktəblər cari, Uşaq Gənclər İdman Məktəbi əsaslı təmir edilib, 21 nömrəli tam orta məktəb üçün 624 şagird yerlik yeni tədris binası tikilib istifadəyə verilib.
    Bütün görülən işlər gələcəkdə Azərbaycanda bilikli, savadlı insanların sayının artmasına, elmin daha da inkişafına, ölkə başçısının da qeyd etdiyi kimi “qara qızıl”ın insan kapitalına çevrilməsinə hesablanmışdır. Çünki müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcəkdir. Təsadüfi deyil ki, ölkəmizdə büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Əgər biz uzun illər müharibə şəraitində yaşamasaydıq, ən böyük xərclərimiz müdafiə sahəsi ilə bağlı olmasaydı, təhsilə ayrılan xərclər birinci yerdə olardı. Lakin məhz ordu quruculuğuna göstərilən xüsusi diqqətin və vətənpərvərlik təbliğatının düzgün aparılmasının nəticəsində 2020-ci ilin senyabrın 27-də başlanan 44 günlük Vətən Müharibəsində möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordumuzun şücayəti sayəsində əzəli-əbədi  torpaqlarımız düşmən işğalından azad oldu, xalqımız Şanlı Zəfər çaldı. Tarixə qızıl hərflərələ yazılan o şərəfli günləri bizə bəxş edənlər sırasında Şirvan şəhərinin  qeyrətli və şücaətli gəncləri də misilsiz vətənpərvərlik nümunələri göstərdilər, 21 nəfəri şəhid oldu, 100-dən çoxu yaralandı. Həm bu əlamətdar gündə, həm də qarşıdan gələn Anım günündə şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla anır, onlara Allahdan rəhmət, ailələrinə səbir, yaralılarımıza şəfa diləyirik.
    Bu il təhsil işçilərinin üzərinə yeni bir missiya əlavə olunur, çünki Vətən müharibəsində qazandığımız şanlı qələbəmizin nəticəsində övladlarımıza fəxr ediləsi yaddaş – Zəfər tarixi öyrədiləcəkdir. Həmçinin işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri savadlı, intellektual dünyagörüşlü, bacarıqlı yeni kadrların yetişməsinə zəmin yaradır.
    Əziz müəllimlər, şagirdlər və valideynlər, yeni tədris ili münasibətliə bir daha hər birinizi səmimi qəlbdən təbrik edir, yeni dərs ilində Sizə müvəffəqiyyətlər arzu edirəm!

                     Hörmətlə,
                                                                                                                                            İlqar Abbasov

Keçidlər