Bu gündən Azərbaycanda yeni tədris ili başlayır.
Bu gün sentyabrın 22-dən respublikamızın paytaxt və regionlarında olduğu kimi Şirvan şəhərində də ümumtəhsil müəssisələrinin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayıb. Şirvan şəhər ümumtəhsil məktəblərinin I-IV sinifləri üzrə tədrisə 5319 şagird cəlb edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, bu gündən fəaliyyətə başlayan təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər arasında minimum 1 metr sosial məsafə təmin olunub və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri işarələnib. Şəxsi-gigiyena və sanitar qaydalara, şagirdlər arasında sıxlığın idarə edilməsinə əməl olunub. Qeyd edək ki, Şirvan şəhər ümumtəhsil müəssisələrində çalışan təhsil işçilərinin 95 faizi COVİD-19 infeksiyasına qarşı vaksin olunub.
Çox sevincli və qürurverici haldır ki, bu ilki tədris ilini müəllim və şagirdlər qalib xalqın qalib övladları kimi qarşılayıb. Təhsil müəssisələrində ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub. Vətən uğrunda canından keçən, Şanlı Qələbəmizi təmin edən şəhidlərimiz ehtiramla yad edilib.
Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğısının davamı olaraq yeni tədris ilinin başlanması münasibətilə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə ümumilikdə 25 aztəminatlı ailənin 48 məktəb yaşlı uşaqları məktəbli geyimi və dərs ləvazimatları ilə təmin olunub.
Qeyd edək ki, Təhsil Nazirliyinin qərarına əsasən, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, bu il də dərslər mərhələli şəkildə bərpa ediləcək. 5-11-ci siniflər və ali məktəblər 29 sentyabrdan ənənəvi təhsilə başlayacaq. 2021-2022-ci tədris ilində Şirvan şəhər ümumtəhsil məktəblərində ümumilikdə 12 min 984 şagird təhsil alacaqdır. I siniflər üzrə 56 sinif komplektində 1296 , XI siniflər üzrə isə 39 sinif komplektində 740 şagirdin təhsil alacağı gözlənilir.
Mətbuat xidməti