Şirvanda Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü qeyd edildi.
Bu gün Şirvan şəhərində 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 103 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər Pokuroru Fuad Məmmədov və prokurorluğun əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları öncə şəhərin Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla, onun dövlətimiz, xalqımız qarşısında tarixi xidmətləri ilə tanış olublar. Mərkəzdə 27 sentyabr Anım Günü ilə əlaqədar məktəblilərin Vətən Müharibəsində əsgər və zabitlərimizin göstərdikləri şücaət və qəhrəmanlıqlarına həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgiyə baxıblar.
Sonra tədbir Şirvan Şəhər İcra Hakimiyyətində davam etdirilib. Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək ölkəmizdə prokurorluq orqanlarının formalaşmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən, prokurorluq orqanlarının vətəndaşların hüquq və azadlıqlarının qorunmasında, qanunçuluğun möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. 1 oktyabr-Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 103 illiyi münasibəti ilə Şirvan Şəhər Prokurorluğunun əməkdaşlarını təbrik edib. Prokurorluğun bir qrup işçisini peşə bayramları günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.
Mətbuat xidməti