Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə medalların təqdim edilməsi mərasimi keçirilib.

13 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə”   medallarının və  vəsiqələrinin təltif edilmiş şəxslərə və şəhid olmuş şəxslərin ailə üzvlərinə təqdim edilməsi məqsədilə 13 oktyabr 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
   Tədbirdən öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin sədri İlkin Məmmədov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şəhər İcra Hakimiyyəti aparatının məsul şəməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları ilə birlikdə şəhərin Heydər Əliyev  Meydanında Ulu Öndərin abidəsini  ziyarət edib, abidə önünə gül-çiçək dəstələrini qoyaraq dərin ehtiramlarını bildiriblər.
   Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda və Vətən müharibəsində rəşadət və qəhrəmanlıq göstərərək canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı ilə Şanlı Azərbaycan Ordusunun 30 ilə yaxın işğalda olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etməsi və xalqımızın tarixinə qızıl hərflərlə yazılan Şanlı Qələbə münasibətilə təltif olunanları və tədbir iştirakçılarını təbrik edib,  belə mərd, cəsur, şücaətli oğullar böyütdükləri üçün aillərinə minnətdarlığını bildirib. İkinci Qarabağ müharibəsində Müzəffər Ordumuzun tərkibində şirvanlı gənclərin də qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdiyini, bəziləri yaralandığını, bir çoxlarının öz həyatını risk altına ataraq böyük şücaət göstərdiyini və şəhid olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Qalib Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən uğrunda vuruşan, canından keçən, şücaət göstərən oğullarımız dövlətimiz və Müzəffər Ali Baş Komandanımız tərəfindən lazımi səviyyədə dəyərləndirilir: onlara fəxri adlar verilir, orden-medallarla təltif olunur, müavinətlər təyin edilir, xatirələri əbədiləşdirilir.
   Millət vəkil İltizam Yusifov çıxış edərək şəhidlərimizin qanının yerdə qalmadığını, müharibənin Zəfərlə başa çatdığını qeyd edib. Qalib xalq olduğumuz üçün başımızı dik tutmalı, Şəhidlər Xiyabanında müqəddəs şəhid ruhlarının qarşısından qürurla keçməli olduğumuzu diqqətə çatdırıb. Anım Gününü şəhidlərə yüksək ehtiramla qeyd etdiyimiz kimi, qarşıdan gələn Zəfər Gününü də təntənəli şəkildə qeyd edəcəyimizi vurğulayıb.
   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin sədri İlkin Məmmədov 44 günlük müharibədə müəllifi Qalib Ali Baş Komandan olan qəhrəman oğullarımızın baş rolda iştirakı ilə son iki yüz ilin ən şərəfli və əzəmətli filminin yarandığını və Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi yazdığını söyləyib.
   Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə”   medalları və vəsiqələri  təltif edilən şəxslərə və şəhid olmuş şəxslərin ailə üzvlərinə təntənəli şəkildə təqdim edilib. 
   Şəhid ailələri adından şəhid Zülfüqarlı Zeynalın atası Alim Zülfüqarlı, müharibə iştirakçıları adından mayor Zaur  Əhmədov Vətən müharibəsində olduğu kimi xalqımızın bundan sonra da ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham           Əliyevin ətrafında sıx birləşəcəklərini, düşmənin qorxulu kabusuna çevrilən Dəmir yumruq kimi möhkəmlik, həmrəylik nümayiş etdirəcəklərini bildiriblər. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən ehtirama və diqqətə görə ölkə başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.  

   Mətbuat xidməti

Keçidlər