Şirvanda Vətən müharibəsinin şəhidi Elvin Şıxəliyevin anım günündə xatirə guşəsinin açılışı olub.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olan Şıxəliyev Elvin Sarvan oğlunun anım günü boya-başa çatdığı və dəfn edildiyi Şirvan şəhərində qeyd edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Elvin Şıxəliyevin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin atasına Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və Allahdan ona səbir diləyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan İcra başçısı həmin qələbədə payı olan Elvin kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. Şəhidlik zirvəsinə ucalan Elvinin təkcə şirvanlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir azərbaycanlının qürur duyduğunu vurğulayıb. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb. Qeyd edib ki, şəhər rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Şəhidin məzarı başında çıxış edən millət vəkili İltizam Yusifov 25 illik qısa ömür yaşasa da şanlı tariximizə adını yazan, xalqımıza zəfər sevinci yaşadan Elvinin ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Elvinin xatirəsinin daim əziz tutulacağını bildirib.
Sonra tədbir iştirakçıları şəhid Elvin Şəxəliyevin xatirə bulağının, xatirə lövhəsinin, xatirə guşəsinin açılışında iştirak ediblər. Şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açıblar. Qeyd olunub ki, Elvin Şıxəliyev Vətən müharibəsində aparılan döyüş əməliyyatlarında göstərdiyi şücaətə və igidliyə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Sonda şəhidin atası Sarvan Şıxəliyev çıxış edərək övladı ilə qürur duyduğunu bildirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!
Mətbuat xidməti