Şirvanın Vətən müharibəsi şəhidləri Rüstəmov Ruslan Nüsrət oğlunun və Alışanlı Amal Seyfəddin oğlunun ailələri ziyarət olunub.
14 oktyabr 2021-ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Vətən müharibəsinin şəhidləri Rüstəmov Ruslan Nüsrət oğlunun və Alışanlı Amal Seyfəddin oğlunun ailələri ziyarət olunub. Ziyarətdə Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP şəhər təşkilatının və Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzinin nümayəndələri iştirak edib.
Ziyarət zamanı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimiz Rüstəmov Ruslan Nüsrət oğlunun və Alışanlı Amal Seyfəddin oğlunun əziz xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub. Belə vətənpərvər, mərd və şücaətli övladlar böyütdükləri üçün ailələrinə təşəkkür edilib, Allahdan səbir dilənib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir. Şirvan Şəhər İcra Hakimiyyəti Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müraciətlərə hassaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
Şəhidlərin ailə üzvləri Rüstəmov Ruslan və Alışanov Amal haqqında xatirələrini bölüşüb, hərbi xidmət zamanı göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Vətənimizin ərazi bütövlüyünü təmin edilməsində və Şanlı Zəfər çalınmasında xidmətləri olduğuna görə övladları ilə qürur duyduqlarını ifadə ediblər. Şəhid ailələrinə göstərilən həssas münasibətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Mətbuat xidməti