Şirvanda Vətən müharibəsinin şəhidi Məharət Həsənovun anım günü qeyd olunub.
Bir il əvvəl Azərbaycan Respublikasıının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu xalqımızın 30 illik Qarabağ nisgilinə 44 gündə son qoydu. Bu haqq savaşından alnı açıq, üzü ağ çıxaraq qalib ölkənin vətəndaşı olmağı bacardıq. İgid əsgər və zabitlərimiz, qanını Vətən torpağına qarışdıran şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz göstərdikləri şücaətlə dövlətimizin, ordumuzun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan qələbəmizin qazanılmasında payı olan igid oğullarımızdan biri-Həsənov Məharət Ramil oğlunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olmasından bir il ötür.
Şəhidin anım günündə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Məharət Həsənovun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin anasına Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və Allahdan ona səbir diləyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan İcra başçısı həmin qələbədə payı olan Məharət kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. Onlar haqqında gələcəkdə filmlər çəkiləcəyini, kitablar yazılacağını vurğulayıb. Xalqımızın birliyinin, həmrəyliyinin, qüdrətinin simvolu olan “Dəmir yumruq” əməliyyatının arxasınca işğaldan azad edilən torpaqlarımızda ölkə başçısının rəhbərliyi ilə aparılan abadlıq-bərpa işlərindən söz açan İcra başçısı tezliklə açılışı olacaq Füzuli hava limanı ilə şəhid ruhlarının bir daha şad olacağını diqqətə çatdırıb. Qeyd edib ki, şəhər rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır.
Şəhid Məharət Həsənovun məzarı başında çıxış edən şəhər Prokuroru Fuad Məmmədov, Polis Şöbəsinin rəisi Hikmət Quliyev, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov şəhidlik zirvəsinə ucalan Məharətin təkcə şirvanlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir azərbaycanlının qürur duyduğunu vurğulayıblar. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıblar. Onların ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını, xalqımızın qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Məharətin xatirəsinin daim əziz tutulacağını bildiriblər.
Sonra tədbir iştirakçıları şəhid Məharət Həsənovun vaxtilə yaşadığı məhəllədə yaradılan xatirə lövhəsinin qarşısında şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açıblar. Şəhidin anası Xurma Həsənova çıxış edərək övladı ilə qürur duyduğunu bildirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Məharət Həsənov Vətən müharibəsində aparılan döyüş əməliyyatlarında göstərdiyi şücaətə və igidliyə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!
Mətbuat xidməti