Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsinin şəhidi kiçik gizir Zülfüqarlı Zeynalın anım günü qeyd olunub.

20 oktyabr 2021 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olan kiçik gizir Zülfüqarlı Zeynal Alim oğlunun anım günü boya-başa çatdığı və dəfn edildiyi Şirvan şəhərində qeyd edilib.
    Şəhidin anım günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Zeynal Zülfüqarlının məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Zeynal Zülfüqarlının valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edib və Allahdan onlara səbir diləyib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan İcra başçısı dövlət və xalq birliyinin yaratdığı Dəmir yumruğun düşmənin başını əzdiyini və qorxulu kabusuna çevrildiyini söyləyib. Müharibə ərəfəsində istər çağırışa yollanan gənclərdə, istərsə də Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirilən yaralı əsgərlərdə necə yüksək döyüş ruhu olduğunu, tezliklə mövqelərinə qayıtmaq istədiklərini xatırladıb.  Vurğulayıb ki, Şirvan şəhidlərinin hər birinin dəfnində onların valideynlərinin “Vətən sağ olsun” deməsi xalqımızın böyüklüyünün və qüdrətinin təcəsümüdür. Azad edilən torpaqlarımızda aparılan abadlıq-bərpa işlərindən bəhs edərək bildirib ki, Dövlət başçısının Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə rayonlara onların azad olunduğu tarixin ildönümündə səfər etməsi, yeni, müasir tipli infrastruktur layihələrinin təməlqoyma mərasimlərindəki iştirakı, praqmatik, konseptual, regiona ünvanlanmış və gələcəyə hesablanmış çıxışları hər birimizdə dövlətmizə inam və iftixar hissi yaradır. Cənnət Qarabağımızda aparılan quruculuq işlərinin şəhidlərimizin əziz xatirələrinə ehtiramın bariz nümunəsi olduğunu qeyd edib. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb. Qeyd edib ki, şəhər rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. 25 illik qısa ömür yaşasa da şanlı tariximizə adını yazan, xalqımıza zəfər sevinci yaşadan Zeynalın ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb. Şəhid Zülfüqarlı Zeynalın üzünü görmədiyi körpəsi  balaca Zeynalın da dövlətimizə əmanət olduğunu bildirib və atası kimi vətənə layiqli, şərəfli övlad kimi böyüməsini arzulayıb. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
    Şəhidin məzarı başında çıxış edən millət vəkili İltizam Yusifov, Şirvan Appelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Zeynalın xatirəsinin daim əziz tutulacağını bildiriblər. Şəhidlik zirvəsinə ucalan Zeynalın təkcə şirvanlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir azərbaycanlının qürur duyduğunu vurğulayıblar. Şəhidlərimizin qanı bahasına bayrağımızın dalğalandığı hər qarış torpağın müqəddəs olduğunu və buna görə şəhidlərimizə borclu olduğumuzu söyləyiblər.
    Sonra tədbir iştirakçıları şəhid Zeynal Zülfüqarlının vaxtilə yaşadığı məhəllədə yaradılan xatirə lövhəsinin qarşısında şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açıblar. Şəhidin atası Alim Zülfüqarlı çıxış edərək övladı ilə qürur duyduğunu bildirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
    Qeyd edək ki, Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi, kiçik gizir Zülfüqarlı Zeynalın da göstərdiyi qəhrəmanlıq, şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”,  18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”,29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, sağlığında isə Azərbaycan Respublikası Müdafiə Nazirinin 20 iyun 2019-cu il tarixli Sərəncamına əsasən “Azərbaycan Ordusunun 100 illiyi” medalları ilə təltif edilib.
    Allah rəhmət eləsin!
    Şəhidlər ölməz, Vətən bölünməz!


    Mətbuat xidməti

Keçidlər