8 Noyabr “Zəfər Günü” nə həsr olunmuş şəhərin idarə və müəssisələrinin komandaları arasında mini-futbol çempionatının açılış mərasimi keçirilib.
20 oktyabr 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin və Şirvan Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə və 8 Noyabr “Zəfər Günü” nə həsr olunmuş şəhərin idarə və müəssisələrinin komandaları arasında mini-futbol çempionatının açılış mərasimi keçirilib.
Açılış mərasimində Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev, Qarabağ müharibəsi veteranları və şəhid ailələri İctimai Birliyinin Şirvan şəhər Şöbəsinin sədri Pənah Xankişiyev, şəhid ailələri, Vətən müharibəsi qaziləri, şəhərin idarə və müəssisələrin rəhbərləri, komandaları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov tədbir iştiakçılarını salamlayıb və tədbirin mahiyyəti haqqında məlumat verib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsi Şanlı Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. 44 gün ərzində Azərbaycan Ordusu ərazi bütövlüyünü bərpa edib və bu yolda 3000-ə qədər şəhid verib. Şirvan şəhərindən 21 nəfər Vətənimizin ərazi bütövlüyün bərpası uğrunda canlarından keçib və şəhadətə yüksəlib.
Vətən müharibəsi şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra şəhidlərimizin xatirəsinə həsr olunmuş mini-futbol çempionatı açıq elan edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev çıxış edərək Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi və bu istiqamətdə keçirilən silsilə tədbirlər haqqında danışıb və qeyd edib ki, Şirvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən şəhid ailələri, Vətən müharibəsində iştirak edərək xəsarət almış hərbi qulluqçularla görüş və tədbirlərin keçirilməsi daim diqqət mərkəzində saxlanılacaqdır.
Sonra çıxış edən Şirvan şəhərindən olan Vətən müharibəsi şəhidi, XTQ giziri Zülfüqarlı Zeynalın atası Zülfüqarlı Alim oğlunun timsalında şəhidlərimizin şücaətindən bəhs edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Milli Məclisin deputatı İltizam Yusifov Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan addımlardan söz açaraq onların xatirəsinin hər zaman hörmət və ehtiramla yad ediləcəyini bildirib.
Şirvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Elvin Balayev Şirvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə bağlı gördüyü işlərdən danışıb. Qeyd edib ki, şəhər rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. Şəhid ailələrinin sosial problemləri ilə bağlı onlarla müntəzəm görüşlər keçirilir, həlli istiqamətində müvafiq adddımlar atılır.
Qarabağ müharibəsi veteranları və şəhid ailələri İctimai Birliyinin Şirvan şəhər Şöbəsinin sədri Pənah Xankişiyev Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaətdən bəhs edib. Bildirib ki, Birinci Qarabağ müharibəsi şəhidlərinin qanı yerdə qalmayıb, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsiylə bahəm şəhidlərimizin qisası da alınıb.
Çıxışlardan sonra tədbirin rəsmi hissəsi başa çatıb.
Mətbuat xidməti