Şirvan şəhərində Vətən müharibəsinin şəhidi Həsənov Məharət Ramil oğlunun doğum günü qeyd olunub.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olan Həsənov Məharət Ramil oğlunun doğum günü boya-başa çatdığı və dəfn edildiyi Şirvan şəhərində qeyd edilib.
Şəhidin doğum günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Məharət Ramil oğlu Həsənovun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şəhidin məzarı qarşısında çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Məharət Həsənovun valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edib və Allahdan onlara səbir diləyib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan İcra başçısı dövlət və xalq birliyinin yaratdığı Dəmir yumruğun düşmənin başını əzdiyini və qorxulu kabusuna çevrildiyini söyləyib. Müharibə ərəfəsində istər çağırışa yollanan gənclərdə, istərsə də Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirilən yaralı əsgərlərdə necə yüksək döyüş ruhu olduğunu, tezliklə mövqelərinə qayıtmaq istədiklərini xatırladıb. Vurğulayıb ki, Şirvan şəhidlərinin hər birinin dəfnində onların valideynlərinin “Vətən sağ olsun” deməsi xalqımızın böyüklüyünün və qüdrətinin təcəsümüdür. Azad edilən torpaqlarımızda aparılan abadlıq-bərpa işlərindən bəhs edərək bildirib ki, Dövlət başçısının Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə rayonlara onların azad olunduğu tarixin ildönümündə səfər etməsi, yeni, müasir tipli infrastruktur layihələrinin təməlqoyma mərasimlərindəki iştirakı, praqmatik, konseptual, regiona ünvanlanmış və gələcəyə hesablanmış çıxışları hər birimizdə dövlətmizə inam və iftixar hissi yaradır. Cənnət Qarabağımızda aparılan quruculuq işlərinin şəhidlərimizin əziz xatirələrinə ehtiramın bariz nümunəsi olduğunu qeyd edib. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb. Qeyd edib ki, şəhər rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. Öz qanı ilə şanlı tariximizə adını yazan, xalqımıza zəfər sevinci yaşadan Məharət kimi oğulların ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb. Şəhidin övladının dövlətimizə əmanət olduğunu bildirib və atası kimi vətənə layiqli, şərəfli övlad kimi böyüməsini arzulayıb. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Məharətin xatirəsinin daim əziz tutulacağını bildirib.
Sonra tədbir iştirakçıları şəhid Məharət Həsənovun vaxtilə yaşadığı məhəllədə yaradılan xatirə lövhəsini ziyarət ediblər.
Tədbir Şirvan şəhər Gənclər evində davam edib. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, Gənclər Evinin direktoru Əfqan Hüseynov, 18 nömrəli məktəbin müəllimləri və şəhidin dostları Vətən müharibəsinin şəhidi Məharət Həsənovun keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açıblar. Məharət Həsənovun vaxtilə oxuduğu 18 nömrəli orta məktəbin müəllim və şagird kollektivinin hazırladığı bədii kompazisiya maraqla izlənilib. Şəhidin yeganə övladı və yadigarı balaca Ramilin atası haqqında söyədiyi şeir tədbir iştirakçılarını kövrəldib. Şəhidin anası Xurma Həsənova çıxış edərək övladı ilə qürur duyduğunu bildirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi, Məharət Həsənovun da göstərdiyi qəhrəmanlıq, şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Məharət Ramil oğlu Həsənov "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!
Mətbuat xidməti