Şəhidlərin xatirəsinə həsr olunmuş sinif otaqları yaradılır.
Şirvan şəhər ümumtəhsil məktəblərində şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərlik və qəhrəmanlıqlarının təbliği, məktəblərdə hərbi vətənpərvərlik ruhunun yüksədilməsi məqsədilə tədbirlər keçirilir, ən qabaqcıl siniflərinə şəhidlərimizin adları verilir. Bu siniflərdə yaradılan guşələrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, məktəblilərin şəhidlərimizin vətənpərvərliyi və qəhrəmanlığı barədə ətraflı məlumatlandırılması məqsədilə davamlı işlər aparılır.
2021-ci ilin 27 oktyabr tarixində Şirvan şəhər 13 nömrəli tam orta məktəbdə şəhid məzun Röyal Məmmədov Misil oğlunun əziz xatirəsinə həsr olunan sinif otağı açıldı.
Anım tədbirində şəhidin atası Misil Məmmədov və ailə üzvləri, qazilər, Şəhər İcra Hakimiyyəti Başçısının müavini Aynur Fərzəliyeva, Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev, pedaqoji heyət və şəhidin sinif yoldaşları iştirak etdilər.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin açılışında məktəbin direktoru Aynurə Rzayeva çıxış edərək, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində tarixi Zəfərin qazanılması ilə nəticələnən 44 günlük Vətən Müharibəsindən bir il ötdüyünü qeyd edən direktor milli tariximizə qızıl hərflərlə əbədi həkk olunan möhtəşəm qalibiyyəti xalqımıza yaşadan bütün igid əsgər və zabitlərimizlə qürur duyduğunu bildirdi.
Tədbirdə Şəhər İcra Hakimiyyəti Başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək Azərbaycanın suverenliyi və xoşbəxt gələcəyi yolunda yüksək fədakarlıq və şücaət göstərən Röyal kimi qəhrəman oğulların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını və böyük ehtiramla anılacağını bildirən Aynur xanım əzəli torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa dilədi.
Röyal kimi vətənə, xalqa və dövlətə layiqli övlad yetişdirən Röyal Məmmədovun atasına dərin ehtiramını bildirən Təhsil Şöbəsinin Müdiri Rövşən Allahverdiyev öz çıxışında dəvəti qəbul edib tədbirdə iştirak etdiklərinə görə başda şəhidin atasına və şəhidin ailə üzvlərinə və döyüş yoldaşlarına təşəkkürünü bildirdi.
Sonra, şəhid Röyal Məmmədovun əziz xatirəsinə həsr olunan, məktəb şagirdləri tərəfindən “Röyalım nə gözəl cənnətin vardır” adlı ədəbii bədi kompozisiya nümayiş etdirildi.
Daha sonra şəhidin əziz xatirəsinə həsr olunmuş və onun qəhrəmanlığının əks olunduğu xatirə lövhəsinin və Röyal Məmmədovun adını daşıyan sinfin açılışı oldu.
Sinif otağında şəhidin sinif yoldaşları çıxış edərək, Röyal ilə bağlı xatirələrini bölüşərək, onun uşaqlıqdan Vətənə olan sonsuz sevgisindən və ən böyük arzularından birinin Şuşanın azadlığını görmək olduğunu qeyd etdilər.
Röyal Məmmədovun sinif rəhbəri Vüsalə Məmmədova Röyal haqqında xatirələrini bölüşərək, onun nizam-intizamlı, vətənpərvər, mərhəmətli və ağıllı bir şagird olduğunu, müəllimlərinə dərin hörmət və ehtiramla yanaşdığını qeyd etdi. Məktəbimizin ən dəyərli məzunlarından biri kimi Röyal ilə hər zaman qürur duyduğunu bildirdi.
Mətbuat xidməti