Şirvan şəhidlərinin fotoları olan plakatlar 27 Sentyabr-Anım günü yürüşündən xatirə olaraq şəhidlərimizin ailələrinə təqdim olundu.
28 oktyabr 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, şəhər Prokuroru Kamal Talıbov, Polis Şöbəsinin rəisi Hikmət Quliyev, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları şəhid ailələri ilə birlikdə Şirvan Şəhidlər Xiyabanını ziyarət etdilər. Öncə I Qarabağ müharibəsi zamanı Şirvan şəhərindən itkin düşənlərin xatirəsinə ucaldılan abidə ziyarət edilib, önünə tər qərənfillər qoyulub, ruhlarına dualar oxunub.
Sonra tədbir iştirakçıları ənənəyə uyğun olaraq hər ayın sonuncu cümə axşamında olduğu kimi Şəhidlər Xiyabanında şəhid məzarlarını ziyarət edib, şəhid ailələri ilə görüşüb, onlara belə qəhrəman, cəsur, mərd oğullar böyütdükləri üçün təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
Tədbir “Şəhid Anası” memorial kompleksinin önündə davam edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını, illər keçsə də, nəsillər dəyişsə də unudulmayacaqlarını vurğulayıb. 30 il erməni işğalı altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə azad edilməsində Müzəffər Ordumuzun və Qalib Ali Baş Komandanımız cənab İlham Əliyevin tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, 27 Sentyabr-Anım günündə müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, çox hörmətli Birinci-vitse prezident xanım Mehriban Əliyeva, gənc kursantlar və əsgərlər şəhidlərimizin fotolarından ibarət plakatlarla yürüş keçirərək Azərbaycan xalqının birliyini və şəhidlərimizə olan ehtiramın sonsuz, əbədi olduğunu nümayiş etdiriblər. Cənab Prezidentin tapşırığına əsasən yürüşdən sonra şəhid ailələrinə həmin foto-plakatların Anım Günündən xatirə olaraq təqdim edilməsinə başlanılıb. Bu günki tədbirdə tapşırığa uyğun olaraq şəhid fotoları olan plakatlar yürüşdən xatirə olaraq şəhidlərimizin ailələrinə təqdim olunacaq.
Millət vəkili İltizam Yusifov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, şəhid atası Alim Zülfüqarov, el ağsaqqalı Vasif Əlizadə və digərləri çıxış edərək şəhidlərimizin qanının yerdə qalmadığını, müharibənin Zəfərlə başa çatdığını qeyd ediblər. Bildiriblər ki, bu qələbə Azərbaycanın siyasi, hərbi quruculuq, hərbçilərimizin peşəkarlığı səviyyəsinin üstünlüyünün sübutu oldu. Cənab Prezidentin də dəfələrlə dediyi kimi 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. “Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir !”. Hər il qeyd edəcəyimiz Zəfər Gününə görə onlara borclu olduğumuzu heç bir zaman unutmayacağıq.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya, həssas ehtirama görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti