Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Hümbətov Emil Tərlan oğlunun oktyabrın 30-da doğum günü qeyd olunub.

30 oktyabr 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları Şəhidlər Xiyabanında  şəhidin məzarını ziyarət edərək  gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Hümbətov Emilin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edib və Allahdan onlara səbr diləyib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan İcra başçısı dövlət və xalq birliyinin yaratdığı Dəmir yumruğun düşmənin başını əzdiyini və qorxulu kabusuna çevrildiyini söyləyib. Müharibə ərəfəsində istər çağırışa yollanan gənclərdə, istərsə də Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirilən yaralı əsgərlərdə necə yüksək döyüş ruhu olduğunu, tezliklə mövqelərinə qayıtmaq istədiklərini xatırladıb. Vurğulayıb ki, Şirvan şəhidlərinin hər birinin dəfnində onların valideynlərinin “Vətən sağ olsun” deməsi xalqımızın böyüklüyünün və qüdrətinin təcəsümüdür. Azad edilən torpaqlarımızda aparılan abadlıq-bərpa işlərindən bəhs edərək bildirib ki, Dövlət başçısının Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə rayonlara onların azad olunduğu tarixin ildönümündə səfər etməsi, yeni, müasir tipli infrastruktur layihələrinin təməlqoyma mərasimlərindəki iştirakı, praqmatik, konseptual, regiona ünvanlanmış və gələcəyə hesablanmış çıxışları hər birimizdə dövlətmizə inam və iftixar hissi yaradır. İcra başçısı qələbədə payı olan Emil kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. Onlar haqqında gələcəkdə filmlər çəkiləcəyini, kitablar yazılacağını vurğulayıb.
    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Emilin xatirəsinin daim əziz tutulacağını söyləyib.
    Tədbir Şirvan şəhər Gənclər Evində davam edib. “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin müdiri, şəhidin döyüş yoldaşı olan Elvin Balayev Hümbətov Emilin keçdiyi döyüş yolundan, mərdliyindən, şücaətindən söz açıb, şəhər İcra Hakimiyyəti adından şəhidin ailəsinə xatirə hədiyyəsi təqdim edib. Sonda Hümbətov Emilin vaxtilə oxuduğu 9 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin hazırladığı bədii kompazisiya maraqla izlənilib.
    Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.
    Allah rəhmət etsin, əbədi yaşam qazananlara!
    Şəhidlər ölməz, Vətən bölünməz!

Mətbuat xidməti

Keçidlər