Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərinin daha bir qəhrəman oğlu, Vətən müharibəsinin şəhidi Ramil Vüqarəddin oğlu Əliyevin anım günü qeyd edilib.

05 noyabr 2021 | 16:00

05.11.2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Apellyasiya məhkəməsinin sədri Vəli Abdullayev, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Əliyev Ramilin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
     Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirib, şəhidin anasına Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və Allahdan ona səbr diləyib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Bildirib ki, prezident-ordu-xalq vəhdətinin, birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımız düşməndən azad edilib, haqq-ədalət bərpa olub, Şanlı Zəfər günü tariximizə şəhidlərimizin qanı ilə yazılıb. Sevinirik və qürur duyuruq ki, üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. Azad edilən torpaqlarımızda aparılan abadlıq-bərpa işlərindən bəhs edərək bildirib ki, Dövlət başçısının Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə rayonlara onların azad olunduğu tarixin ildönümündə səfər etməsi, yeni, müasir tipli infrastruktur layihələrinin təməlqoyma mərasimlərindəki iştirakı, praqmatik, konseptual, regiona ünvanlanmış və gələcəyə hesablanmış çıxışları hər birimizdə dövlətmizə inam və iftixar hissi yaradır. Vətən müharibəsində olduğu kimi xalqımızın bundan sonra da ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərini, düşmənin qorxulu kabusuna çevrilən Dəmir yumruq kimi möhkəmlik, həmrəylik nümayiş etdirəcəklərini bildirib.
     Şirvan Şəhər Apellyasiya məhkəməsinin sədri Vəli Abdullayev çıxış edərək ötən il Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında misilsiz şücaət göstərərək 30 ilə yaxın işğal altında qalmış Qarabağ torpaqlarını azad etdiyini, müstəqillik tariximizin növbəti şanlı səhifəsini yazdığını söyləyib. Yüksək amal, məqsəd uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlıqları sayəsində əldə olunan qələbənin xalqımıza böyük qürur və fəxarət hissi bəxş etdiyini vurğulayıb. Şəhidlərə Allahdan rəhmət diləyib.
     Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov çıxış edərək sıravi əsgərindən tutmuş generalınadək hər bir döyüşçünün əlində silah Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canını fəda etməyə hazır olduğunu vurğulayıb. Müzəffər Ali Baş Komandanın qətiyyəti, əzmi, milli ruhu, yüksək idarəçilik dəyərləri və rəhbərliyi ilə Azərbaycan ordusunun tariximizin ən şanlı qələbəsini qazandığını bildirib. Ramilin və bütün şəhidlərimizin hər zaman qəlblərdə yaşayacağını, onların ailələrinin dövlətə əmanət olduğunu diqqətə çatdırıb.
     Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin sədri İlkin Məmmədov şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edib. 44 günlük müharibədə müəllifi Qalib Ali Baş Komandan olan qəhrəman oğullarımızın baş rolda iştirakı ilə son iki yüz ilin ən şərəfli və əzəmətli filminin yarandığını və Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi yazdığını söyləyib.
Şəhidin döyüş yoldaşları çıxış edərək Ramilin Vətənə, dostluğa sədaqətindən, peşəkarlığından danışıblar. Bildiriblər ki, hər bir insan qürur hissi keçirə bilər ki, Azərbaycanın belə igid övladları var. Şəhidlərimiz Azərbaycan tarixində əbədi yaşayacaqlar. Zaman keçdikcə hər birimiz onların nə qədər müqəddəs bir yolun yolçusu olduqlarını daha dərindən dərk edəcəyik.
Sonra tədbir iştirakçıları şəhid Əliyev Ramilin vaxtilə yaşadığı məhəllədə yaradılan xatirə guşəsinin qarşısında şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açıblar. Şəhidin anası Xuraman xanım çıxış edərək övladı ilə qürur duyduğunu bildirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
     Qeyd edək ki, Əliyev Ramil Vüqarəddin oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Mətbuat xidməti

Keçidlər