Şirvan şəhərində 8 noyabr - Zəfər günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Şirvan Şəhər İcra hakimiyyətinin və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin birgə təşkilatçılığı ilə"8 NOYABR ZƏFƏR BAYRAMI" devizi altında ədəbi -bədii kompozisiya təşkil olunub.Tədbirdə Şəhid ailələri, qazilər, şəhər ictimaiyyətinin nümayəndələri, müəllimlər və tələbələr iştirak edib. Öncə qonaqlar kollec tələbələrinin əl işlərindən və rəsmlərindən ibarət sərgi ilə tanış olublar.Tədbir kollecin akt zalında davam edib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması zamanı rəşadət və qəhrəmanlıq göstərərək canından keçmiş bütün şəhid əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Allahdan şəhidlərimizə rəhmət və ailələrinə səbr dilənib. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Şirvan gənclərinin göstərdiyi qəhrəmanlıq və şücaətlərdən danışıblar.
Rəsmi hissə bitdikdən sonra Kollecin Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova və Mülki Müdafiə üzrə mühəndis Sevda Həsənovanın birgə hazırladığı ədəbi- bədii kompozisiya, kollecin məzunu Azər Həsənovun "Azərbaycan" mahnısını ifası ilə başlandı.Əməkdar müəllim Mehran Əhməd qızının 44 günlük Zəfər tariximizdən ilhamlanaraq cənab Prezident İlham Əliyevə həsr etdiyi "Azərbaycan xalqının Generalissimusu" essesi oxundu.3-cü kurs tələbəsi Şəhanə Zeynallı "Ulu Öndər" , Razim Allahverdiyev özünün yazdığı " Mən Azərbaycanlıyam!", Kollecin məzunu Nahidə Məmmədova öz yazdığı "Gözün aydın, Qarabağım!" adlı şeirlərini səsləndiriblər. Kollecin xor kollektivinin, 1-ci kurs tələbəsi Lamiyə Zaidova və Tural Abdullazadənin ifasında "İgid əsgər, möhkəm dayan!","Millətim","Ana, mən şəhid oldum!" mahnıları səslənib.1-ci kurs tələbəsi Kərimli Vəsilənin ifa etdiyi " Sarı gəlin" rəqsi tədbirə rəng qatıb.Kollecin məzunu Qələmnaz Mirzəyevanın hazırladığı 44 günlük Zəfər tariximizə və Şəhidlərə həsr olunmuş videoçarxlar nümayiş olunub. Tədbir Azər Həsənovun ifasında "Yaşa, Azərbaycan!" mahnısı ilə yekunlaşıb. Kollec tələbələri Gülmirə Mikayılova, İqbal Əliyev, Sevinc Mirzəyeva və Sərdar Səmədzadənin aparıcılığı ilə baş tutan tədbir uğurla sona çatıb.