Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər tariximiz” adlı ümumşəhər tədbiri keçirilib.

08 noyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncama uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Zəfər tariximiz” adlı ümumşəhər tədbiri keçirilib. İlk olaraq Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti aparatının işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimai təşkilatların nümayəndələri şəhərin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra Heydər Əliyev meydanında şəhər məktəblilərinin hazırladığı 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qarabağ Azərbaydır!” adlı flaşmob təşkil olunub.
    Tədbir Mədəniyyət Mərkəzinin akt zalında pandemiya qaydaları gözlənilməklə davam edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyinin, suverenliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün qorunması zamanı Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun tarixi torpaqlarımızın azad edilməsi uğrunda apardığı döyüş əməliyyatlarında rəşadət və qəhrəmanlıq göstərərək canından keçmiş bütün şəhid əsgər və zabitlərimizin, mülki şəxslərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr dilənib.
    Sonra “Şuşa bizimdir!”, “Zəfər paradı” filmləri izlənilib.
    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Azərbaycan tarixinin ən qürur verici və şərəfli günü olan Zəfər günü münasibətilə hər kəsi təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Bildirib ki, bir il əvvəl  Azərbaycan Respublikasının Prezidenti, Silah Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır!” çağırışı ilə xalqımız dövlət başçısının ətrafında “Dəmir yumruq” kimi birləşdi. Şanlı Azərbaycan Ordusu 30 ilə yaxın işğalda olan torpaqlarımızı 44 gün ərzində azad edərək ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Noyabrın 8-də Qarabağın incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycanın hərb tarixinə şərəfli, parlaq səhifə kimi yazıldı. Prezident cənab İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Qeyd etdi ki, Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir.
    Şirvan Şəhər Apellyasiya məhkəməsinin sədri Vəli Abdullayev, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şirvan Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, şəhid Zülfüqarlı Zeynalın atası Alim Zülfüqarov erməni işğalına və təcavüzünə qarşı 44 günlük Vətən Müharibəsində Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Zəfər Yürüşündən, Silahlı Qüvvələrin əsgər və zabitlərinin ağır döyüş şəraitində keçirdikləri uğurlu əməliyyatlardan, əsgər və zabitlər arasında yüksək hərbi vətənpərvərlik sayəsində əldə olunan nailiyyətlərdən, işğaldan azad edilən tarixi torpaqlarımızda Azərbaycan bayrağının ucaldılmasından, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin gördüyü tədbirlərdən danışıblar.
    Tədbir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”,  “İgidliyiə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunan şəhidlərin ailə üzvlərinə və  müharibə iştirakçılarına medallarının təqdim edilməsi ilə davam edib.

Mətbuat Xidməti

Keçidlər