Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsi şəhidi İsmayılzadə Şəhriyar Əkbər oğlunun anım günü qeyd edilib.

10 noyabr 2021 | 16:00

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Ismayılzadə Şəhriyyar Əkbər oğlunun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Şirvan Apellyasiya məhkəməsinin sədri Vəli Abdullayev, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, şəhər Prokuroru Kamal Talıbov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları şəhidin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək bildirib ki, düz bir il bundan öncə noyabrın 10-da Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində Ermənistan sülhə və kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bununla da Azərbaycan xalqı, dövləti və Ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan dövləti artıq öz bayrağının əzəmətli kölgəsi altında Qarabağda və Şərqi Zəngəzurda geniş quruculuq və bərpa işlərinə start verdi. Azərbaycan Rerspublikasının Prezidenti cənab İlham Əliyevin müəllifliyi ilə Qarabağ sürətlə dirçəlir. 8 Noyabr zəfərindən başlanan yeni qürur tariximiz davam edir. Azərbaycanın qazandığı nailiyyətlərlə, azad olunmuş  torpaqlarımızın dirçəlişi ilə, bu ərazilərdə geniş vüsət almış bərpa-quruculuq tədbirləri, Vətənimizdən dünyaya açılan qapılarla, sosial-iqtisadi fürsətlərlə bu zəfərin tarixi miqyası daha da böyüyür, genişlənir. 
    Bildirdi ki,tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Vətəni canından əziz tutanlar heç vaxt unudulmayacaq.İcra başçısı Şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edib və Allahdan onlara səbr diləyib.
    Millət vəkili İltizam Yusifov, Şirvan Apellyasiya məhkəməsinin sədri Vəli Abdullayev, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov, el ağsaqqalı Vasif Əlizadə və digərləri çıxış edərək şəhidlərimizin qanı bahasına bayrağımızın dalğalandığı hər qarış torpağın müqəddəs olduğunu və buna görə şəhidlərimizə borclu olduğumuzu söyləyiblər. Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası uğrunda başlayan Vətən müharibəsində vəzifə borcunu şərəflə yerinə yetirərkən qəhrəmancasına şəhid olan Şəhriyar kimi oğulların heç vaxt unudulmayacağını qeyd ediblər. Bildiriblər ki, qəhrəman əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütün Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirərək, işğalçıya layiqli cavab vermişdir. “Dəmir yumruq” əməliyyatı nəticəsində düşmən darmadağın edilmiş və Azərbaycan Ordusu Qələbə qazanmışdır.
    Sonra tədbir iştirakçıları şəhid Şəhriyar İsmayılzadənin vaxtilə yaşadığı küçədə yaradılan xatirə lövhəsinin qarşısında şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açıblar.
    Şəhid Şəhriyar İsmayılzadənin  valideynləri övladları ilə qürur duyduqlarını bildirərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
    Allah rəhmət etsin!
    Şəhidlər ölməz, Vətən bölünməz!

    Mətbuat xidməti

Keçidlər