Şirvanda Vətən müharibəsi şəhidləri Bağırov Süleyman Loğman oğlunun anım günü, Qarayev Elnur Qalib oğlunun doğum günü qeyd olundu.
Bağırov Süleymanın anım günü, eləcə də Qarayev Elnurun doğum günündə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, İcra hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, hər iki şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şəhidlər Xiyabanında şəhidlərin məzarını ziyarət edərək xatirələrini ehtiramla yad ediblər.Şəhidlərin məzarları qarşısında çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov onların valideynlərinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkürünü bildirdi. Gözlərini qırpmadan, çəkinmədən vətənin müdafiəsinə qalxan oğulların qəhrəmanlığını yüksək qiymətləndirərək qeyd etdi: “Onlar öz yerlərini tarixdə bərqərar etdilər. Millətimiz yaşadıqca, dövlətimiz var olduqca, şəhidlərimiz də yaşayacaq. Ali Baş Komandanımızın bir çağırışı ilə onun Dəmir Yumruğu altında hər bir əsgər, zabit, xalq birləşərək bir nöqtəyə vurmaqla düşmənin başını əzmək üçün çalışdılar, 44 gün ərzində 30 illik nisgilə son qoydular. Bir nəfər əsgər belə geri çəkilmədi. “Yalnız irəli!” deyib düşmənin üstünə yeridilər. Düşmən tərəfdə isə minlərlə fərari hətta zəncirlənmiş əsgərlər olduğu ortaya çıxdı.” İlqar Abbasov həmçinin Ulu Öndərin uğurlu siyasətindən bəhs edib. Ulu Öndərimizin əsasını qoyduğu, möhtərəm prezidentimizin daha da möhkəmlətdiyi bu günkü ordunun hazırda dünyanın 50 ən güclü orduları sırasında olduğunu diqqətə çatdırıb. O, II Qarabağ müharibəsinin yalnız səngərdə, silah əlimizdə düşmənlə üz-üzə raket atmaqla deyil, həmçinin dünya miqyasında cənab Prezidentin təkbaşına apardığı mübarizə nəticəsində müxtəlif ölkələrin 30-dan çox aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə Ermənistanın iç üzünü açaraq, əsl həqiqətləri çəkinmədən deməsini, dünyanı susduraraq informasiya müharibəsinin tək qalibi olmağını xüsusilə xatırladıb. İcra başçısı çıxışında bir gün öncə - 12 noyabrda Türkiyədə keçirilən Türkdilli Dövlətlərin Zirvə toplantısında cənab Rəcəb Tayyib Erdoğanın Azərbaycan xalqını təbrik etməsini, cənab prezidentimizə “Müzəffər Ali Baş Komandan” deyə müraciət edərək türk dövlətlərinin “Ali Nişan”ını təqdim etməsini yüksək qürurla nəzərə çatdırıb. Bunun Süleyman kimi, Elnur kimi oğullarımızın igidliyinin, bir xalqın 30 illik səbrdən sonra böyük qələbəsinin təzahürü olduğunu vurğulayıb. Millət vəkili İltizam Yusifov çıxış edərək bildirib ki, bu tarixi qələbə Azərbaycanın güclü dövlət olması, güclü iqtisadiyyyata, güclü orduya malik olması, ən əsası xalqımızın Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi hesabına əldə edildi. Cənab Prezidentimiz bəyan edib ki, biz işğaldan azad etdiyimiz əraziləri cənnətə çevirəcəyik. Həmin torpaqlar ölkəmizin ən gözəl, sosial-iqtisadi cəhətdən inkişaf etmiş, ən çox ziyarət edilən guşələrinə çevriləcək. Əsrlər boyu olduğu kimi, bundan sonra da xalqımız o doğma yurd yerlərində xoşbəxt firavan yaşayacaq. Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov da çıxış edərək hər bir şəhidin ailə üzvlərinə səbr, bütün şəhidlərə Allahdan rəhmət diləyib. Şəhidlərin valideynləri övladları ilə qürur duyduqlarını bildirərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Tədbir iştirakçıları Şəhidlər xiyabanındakı “Şəhid Anası” abidəsini də ziyarət ediblər. Sonra tədbir iştirakçıları şəhid Süleyman Bağırovun vaxtilə yaşadığı məhəllədə, eləcə də Elnur Qarayevin yaşadığı məhəllədə yaradılan xatirə lövhələrinin qarşısında onların keçdiyi ömür yolundan söz açıblar. Şirvan şəhər İcra başçısı İlqar Abbasov sonda hər iki şəhidin valideynlərinə belə bir qəhrəman yetişdirdiklərinə görə təşəkkürünü bildirərək dedi: “Biz bu şəhidlərin ruhu qarşısında baş əyirik, ona görə ki, başımızı onların sayəsində dik tuturuq.” Azərbaycan xalqı, o cümlədən Şirvan şəhəri hər zaman şəhidlərini qürurla anır və onlara rəhmət diləyir.
Mətbuat xidməti