Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərinin daha bir qəhrəman oğlu, Vətən müharibəsinin şəhidi Qarayev Elnur Qalib oğlu şəhadətinin ildönümündə şəhər ictimaiyyəti tərəfindən izdihamla yad edilib.

18 noyabr 2021 | 16:00

18 noyabr 2021-ci il tarixdə şəhidin anım günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mühafizə İdarəsinin rəisi Ənvər  Yusifov, Şirvan Appelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan şəhər Prokuroru şəhər Prokuroru Kamal Talıbov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Elnur Qalib oğlu Qarayevin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
   Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək Elnur Qalib oğlu Qarayevin ailəsinə başsağlığı verib, Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə anasına təşəkkür edib və Allahdan ona səbir diləyib. Şəhər ictimaiyyətinin dünənə qədər Şəhidlər Xiyabanında dəfn edilən sonuncu şəhidimiz Elnurun anım gününə hazırlaşdığını qeyd edən İcra Başçısı erməni silahlı birləşmələrinin respublikamızın dövlət sərhəddində törətdiyi növbəti təxribat nəticəsində qəhrəmancasına döyüşərək şəhid olan Şirvan şəhərinin igid oğlu Elçin Ramil oğlu Əliyevin 17 noyabr 2021-ci il tarixdə   izdihamla dəfn edildiyini dərin məyusluq hissi ilə diqqətə çatdırıb və eyni zamanda şəhidliyin kainatın ən yüksək zirvəsi olduğunu vurğulayıb. Bildirib ki, hər birimiz şəhidlərimizin ruhu qarşısında ona görə baş əyirik ki, onların sayəsində başımız dik gəzirik, qalib ölkənin vətəndaşı kimi qürur hissi keçiririk. Ömrünü xalqının inkişafına və müstəqilliyinə həsr edən Ulu Öndərin ən böyük arzusunun reallaşdığını  qeyd edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bir çağırışı ilə Azərbaycan Ordusunun hər bir zabitinin, hər bir əsgərinin silaha sarılmasının və ölkə başçısının  Dəmir yumruğu ətrafında sıx birləşən ordumuzun gücü və xalqımızın inamı nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızın mənfur düşmənlərimizdən azad edilməsinin tariximizin ən şanlı səhifələrindən biri olduğunu diqqətə çatdırıb. Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə Möhtərəm Prezidentimizə Türk Dünyasının Ali nişanının təqdim edilməsindən və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın onu “Müzəffər Ali Baş Komandan” adlandırmasından iftixar hissi keçirdiyini bildirib. Ölkə başçısının və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizdən bizə əmanət qalan ailələrinə və yaralılara göstərdikləri diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib. Onların döyüşlərdə göstərdikləri şücaətin və qəhrəmanlığın yüksək dəyərləndirildiyini, hər birinin bir neçə medallarla, həmçinin ölkə başçısının sonuncu sərəncamı ilə 5 Şirvan şəhidinin müxtəlif ordenlə təltif edildiyini bildirib. 
   Şəhid Elnur Qarayevin vaxtilə işlədiyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mühafizə İdarəsinin rəisi Ənvər  Yusifov çıxış edərək Elnurun intizamlı və mərd əməkdaş kimi hər zaman qəlblərdə yaşayacağını, 17 noyabr 2021-ci il tarixdə onun növbəti hərbi rütbə ilə təltif edildiyi diqqətə çatdırıb.
   Daha sonra çıxış edən Şirvan Appelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Elnurun və onun silahdaşlarının xatirəsinin daim əziz tutulacağını, onların bizə həyatları bahasına ərmağan qoyduqları vətən torpaqlarının göz bəbəyi kimi qorunacağını söyləyiblər. Qeyd ediblər ki, son şəhidimiz olan Elçinin və digər 6 şəhidin şücaəti bir daha göstərdi ki,  Azərbaycan xalqı bir qarış torpağını da düşmənə heç vaxt güzəştə getməyəcək.
   Şəhidlər xiyabanındakı “Şəhid Anası” abidəsini ziyarət etdikdən sonra tədbir iştirakçıları şəhid Elnur Qarayevin vaxtilə yaşadığı məhəllədə yaradılan xatirə lövhəsinin qarşısında şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açıblar. İcra Hakimiyyətinin başçısı İlqar Abasov Elnurun ömür yolunun gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətindən danışıb və onun yadigarı olan körpə qız övladının dövlətimizə və xalqımıza əmanət olduğunu, hər zaman diqqətdə saxlanılacağını qeyd edib.
   Şəhidin anası Mahirə xanım çıxış edərək övladı ilə qürur duyduğunu bildirib və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
   Allah rəhmət eləsin!
   Şəhidlər ölməz, Vətən bölünməz!


    Mətbuat xidməti

Keçidlər