Şirvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib
Şirvan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının birlikdə təşkilatçılığı ilə Partiyanın təsis edilməsinin 29-cu ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədr əvəzi Paşa Nəbiyev, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, ərazi ilk partiya təşkilatlarının sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, partiya fəalları iştirak ediblər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər gül dəstələri düzülüb.
Sonra Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirə giriş sözü ilə başlayan Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədr əvəzi Paşa Nəbiyev bildirib ki, bizim bu gün yaşadığımız müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Azərbaycanın ictimai həyatında özünəməxsus yeri və rolu olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ili tamam olur. Yarandığı gündən bəri Yeni Azərbaycan Partiyası çox mühüm və əhəmiyyətli bir yol keçmişdir. Əlbəttə ki, 1992-ci il 21 noyabr tarixi Azərbaycanın ən yeni tarixinin mühüm və əlamətdar günlərindən biridir. Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın həyatında yeni bir mərhələ başlandı və bu Azərbaycanın Zəfər qələbəsinin təminatçısı oldu.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini, Dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov çıxış edərək bildirib ki, bu gün də Heydər Əliyev siyasətinin layiqli davamçısı,Yeni Azərbaycan Partiyasının sədri, Ali Baş Komandan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə siyasi, iqtisadi və sosial inkişaf göz qabağındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti Azərbaycan hüdudlarını aşaraq dünyaya örnək, humanizm nümunəsi oldu. Bu uğurlu siyasətin nəticəsidir ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 gün ərzində azad olundu. Bu böyük Zəfər, tarixi ədalətin bərpası idi. Bu gün dünya hərb aləmi Azərbaycanın 44 günlük Vətən müharibəsindəki müasir döyüş strategiyasını öyrənir. Bu döyüş gələcəyin ilk operativ əməliyyatı kimi tarixə düşdü. Bu gün Azərbaycan dünyada söz sahibi olan və nəhəng dövlətlərin hesablaşdığı qüdrətli dövlətdir.Bildirildi ki, Azərbaycanın dövlət müstəqilliyi, ərzai bütövlüyü uğrunda şəhid olanların qanı yerdə qalmadı. Çünki Azərbaycanın nizami ordusu və İlham Əliyev kimi Ali Baş Komandanı var. Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı bu gün öz Zəfərini yaşayır. İşğaldan azad edilən tarixi torpaqlarımızda böyük abadlıq-quruculuq işləri aparılır, ən müasir sosial infrastruktur yaradılır. Biz də cənab Prezident İlham Əliyevə bu uğurlarının davamlı olmasını arzulayırıq. Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsidir ki, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. 700 mindən çox üzvü olan Partiyanın sıralarına qoşulmaq üçün hər gün onlarla, yüzlərlə müraciətlər olur.
Tədbirdə həmçinin 14 nömrəli tam orta məktəbin direktoru Samirə İsmayılova, Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Gülay Qambayzadə, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Heydər Əliyev Məktəbinin rəhbəri Gülnarə İbrahimova mövzu ətrafında geniş çıxış ediblər.
Tədbirdə iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva partiya fəallarını Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə təbrik etdi, partiya üzvlərinə müstəqil dövlətimizin daha da güclənməsinə yönəlik fəaliyyətlərində böyük uğurlar arzu edib.
Sonda Şəhidlərimizin əziz ruhuna Allahdan rəhmət dilənib.
Mətbuat xidməti