Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərinin sonuncu şəhidi Əliyev Elçin Ramil oğlunun şəhadətinin 7-ci günü xatirəsi yad edilib.

23 noyabr 2021 | 16:00

Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının dövlət sərhəddində törətdiyi təxribat nəticəsində baş verən döyüşlər zamanı ölkəmizin ərazi bütövlüyü və müdafiəsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Azərbaycan Ordusunun əsgəri, Şirvan şəhər sakini Əliyev Elçin Ramil oğlunun izdihamla son mənzilə yola salınmasından 7 gün keçir. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Heydər Əliyev Fondunun əməkdaşları Asif Hacıyev, İlkin Əzizov, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Əliyev Elçin Ramil oğlunun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. 44 günluk Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın «Dəmir yumruğu»nda birləşən hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışaraq bu gün hər bir azərbaycanlının Ali Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə qürur duyduğunu söyləyib. Türkiyədə keçirilən Türkdilli Dövlətlərin Zirvə toplantısında cənab Rəcəb Tayyib Erdoğanın Azərbaycan xalqını təbrik etməsini, cənab prezidentimizə “Müzəffər Ali Baş Komandan” deyə müraciət edərək türk dövlətlərinin “Ali Nişan”ını təqdim etməsini yüksək iftixarla nəzərə çatdırıb. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşdığını, ölkəmizdə Vətən uğrunda döyüşənlərə ən yüksək dəyər verildiyini bildirib. Şirvan şəhərində də şəhidlərin hörmət və izdihamla son mənzilə yola salındığını, onların xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanında geniş abadlıq-bərpa işlərinin aparıldığını, şəhid analarının şərəfinə “Şəhid anası” memorial abidə kompleksinin ucaldıldığını vurğulayıb. Qeyd edib ki, şəhərimizin sakinləri və qonaqları müqəddəs məkanı ziyarət etdikcə Vətən uğrunda canından keçən oğullarımızı xatırlayacaq, “Şəhid anası” abidəsinin qarşısında bütün şəhid analarına minnətdarlıqlarını bildirəcəklər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Əliyev Elçin də daim qəlblərdə yaşayacaq və onun əziz xatirəsi hər zaman yad ediləcəkdir. Şirvan şəhərinin Vətən müharibəsində birinci şəhidi Asif Qəribovla sonuncu şəhidi Elçin Əliyevin yaxın dost olduğunu, bu dostluğun rəmzi olaraq Asiflə başlayan şəhadət yolçuluğunun Elçinlə başa çatmasını, bir daha anaların gözüyaşlı qalmamasını və Elçinin Şirvanın qəhrəmanlıq tarixində sonuncu şəhid olaraq qalmasını arzulayıb.
    Şəhidlərimizin ruhuna dualar oxunduqdan sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və tədbir iştirakçıları şəhid Əliyev Elçin Ramil oğlunun evində yas mərasimində iştirak ediblər.
    Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.
   Allah bütün şəhidlərimizə rəhmət eləsin!


   Mətbuat xidməti

Keçidlər