Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı ənənəvi olaraq sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edib.

25 noyabr 2021 | 16:00

25 noyabr 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və şəhid ailələri ilə birlikdə ənənəvi olaraq hər ay olduğu kimi sonuncu cümə axşamı Şirvan Şəhidlər Xiyabanını ziyarət edib. Öncə I Qarabağ müharibəsi zamanı Şirvan şəhərindən itkin düşənlərin xatirəsinə ucaldılan abidə önünə tər qərənfillər qoyulub, xatirələri ehtiramla yad edilib. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, ailələrinə səbr dilənib.
   Tədbir “Şəhid anası” memorial abidə kompleksinin önündə davam edib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələri ilə görüşüb, onlara belə vətənpərvər, şücaətli, mərd  oğullar böyütdükləri üçün təşəkkürünü bildirib. Qeyd edib ki, bu valideynlər övladlarına vətən sevgisini elə aşılayıblar ki, Müzəffər Ali Baş Komandanın da dediyi kimi, həmin oğullar döyüş meydanında bir addım da geri çəkilməyiblər. Tarixi Qələbəmizə və başımızı qürurla dik tutduğumuza görə Şanlı Ordumuzun əsgər və zabitlərinə borcluyuq. Noyabrın 16-da ermənilərin ölkəmizin dövlət sərhəddində törətdikləri sonuncu təxribat da hərbiçilərimizin ayıq-sayıqlığını yoxlamaq, məğlubiyyəti həzm edə bilməmək səbəbindən idi. 7 qəhrəman övladımızın ərazi bütövlüyümüzün müdafiəsi uğrunda canlarından keçməsi bir daha sübut etdi ki, bir qarış torpağımızı da düşmənə güzəştə getməyəcəyik. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını, illər keçsə də, nəsillər dəyişsə də unudulmayacaqlarını vurğulayıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb, bu qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işlərindən danışıb. “Şəhid anası” memorial abidə kompleksinin şəhər İcra Hakimiyyəti ilə şəhid analarının ümumi rəyinin nəticəsi olduğunu diqqqətə çatdırıb. Bildirib ki, Vətənimizin bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək həlak olan şəhidlərin ləyaqət, dəyanət rəmzi olan anaların şərəfinə adlandırılan “Şəhid Anası” memorial kompleksini şəhər sakinləri və qonaqlar hər zaman minnətdarlıqla ziyarət edəcəkdir.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıb və bu barədə çıxış etmələri üçün sözü onlara verib.
  Şəhid ailələri adından çıxış edən Vətən müharibəsinin şəhidi Zülfüqarlı Zeynalın anası Şəlalə xanım şəhid ailələrinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, Şəhər İcra Hakimiyyətinin başçısı və əməkdaşları Vətən müharibəsi başlayandan şəhid ailələri və qazilərin yanında olub, onların problemlərinə həssas münasibət göstəriblər. İcra Hakmiyyəti başçısının hər ayın sonuncu cümə axşamı şəhid ailələri ilə birlikdə Xiyabanı ziyarət etməsinin, şəhidlərin doğum və anım günlərində iştirak etməsinin onlara göstərilən ehtiramın ən bariz nümunəsi olduğunu vurğulayıb. Şəhid valideynlərini hər ay müqəddəs ziyarətgahda  bir yumruq kimi toplamaq təşəbbüsünün gözəl bir nümunə olduğunu söyləyib.
   Tədbirdə iştirak edən digər şəhid valideynləri də onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
   Ziyarətin sonunda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev Ulu Öndərin və vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub.

   Mətbuat xidməti

Keçidlər