Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində qəhrəmancasına şəhid olan baş leytenant Rüstamov Ruslan Nüsrət oğlunun anım günü qeyd olunub.

04 dekabr 2021 | 16:00

Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan baş leytenant Rüstamov Ruslan Nüsrət oğlunun anım günü qeyd edilib.
   Şirvan şəhərində qeydiyyatda olan, lakin doğulub boya-başa çatdığı, hazırda doğmalarının yaşadığı Hacıqabul rayonun Şorbaçı kəndində dəfn edilən şəhid Rüstamov Ruslanın anım günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Polis Şöbəsinin rəisi Hikmət Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şirvan Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları öncə Hacıqabul Rayon Şorbaçı kəndində el qəbiristanlığında şəhidin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
   Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, şəhid Rüstamov Ruslanın anasına Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və Allahdan ailə üzvlərinə səbir diləyib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bir çağırışı ilə Azərbaycan Ordusunun hər bir zabitinin, hər bir əsgərinin silaha sarılmasının və ölkə başçısının  Dəmir yumruğu ətrafında sıx birləşən ordumuzun gücü və xalqımızın inamı nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızın mənfur düşmənlərimizdən azad edilməsinin tariximizin ən şanlı səhifələrindən biri olduğunu diqqətə çatdırıb. Şəhidliyin kainatın ən yüksək zirvəsi olduğunu vurğulayıb. Bildirib ki, hər birimiz şəhidlərimizin ruhu qarşısında ona görə baş əyirik ki, onların sayəsində başımız dik gəzirik, qalib ölkənin vətəndaşı kimi qürur hissi keçiririk. Torpaq uğrunda canından keçənlərin heç bir zaman unudulmayacağını, dövlətimiz var olduqca yaşayacaqlarını bildirib.           Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb. Qeyd edib ki, şəhər rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. Şanlı tariximizə adını yazan, xalqımıza zəfər sevinci yaşadan bütün əsgər və zabitlərimiz kimi Ruslanın da ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb. Şəhid baş leytenant Ruslan Rüstamovun 5 övladının dövlətimizə əmanət olduğunu bildirib və onların da ataları kimi vətənə layiqli, şərəfli övlad kimi böyümələrini arzulayıb. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
   Sonra tədbir iştirakçıları şəhid baş leytenant Rüstamov Ruslan Nüsrət oğlunun Şorbaçı kəndində yaradılan xatirə barelyefinin qarşısında şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açıblar. Onun öz istəyi ilə hərbiçi peşəsini seçdiyini, sağlığında hərbi hissə rəhbərliyi və yoldaşları arasında dərin hörmət və nüfuz qazandığını, yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıblar. Qeyd olunub ki hərbiçi olmaq, Vətənə, dövlətə xidmət etmək, torpaqlarımızın azad edilməsində iştirak etmək, üçrəngli bayrağımızı qürurla dalğalandırmaq ən böyük arzusu idi. Döyüş əməliyyatlarında fədakarlıq və şücaət göstərdiyinə görə baş leytenant Rüstamov Ruslan Nüsrət oğlu dövlət başçısı tərəfindən ordenlə və bir neçə medalla təltif edilib.
   Şəhidin anası Fatmaxanım Rüstamova övladı ilə qürur duyduğunu bildirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
   Allah bütün şəhidlərimizə rəhmət eləsin!
  
   Mətbuat xidməti

Keçidlər