Şirvan Gənclər evində şəhid Ramil Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
07 dekabr 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti və “Şirvan Gənclər Evi” SXM-in təşkilatçılığı ilə Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmiş şəhid Ramil Əliyevin cənnətdəki ilk doğum günü münasibətilə xatirə tədbiri təşkil olunub. Tədbirdə şəhidin təhsil aldığı məktəbin və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllim və şagird kollektivi, şəhid ailələri, Gənclər Evinin könüllüləri, şəhər gəncləri olmaqla 70 nəfərə yaxın gənc iştirak edib.
Tədbir şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə açıq elan olunub. Gənclər Evinin direktoru Əfqan Həsənov çıxış edərək şəhidlik zirvəsinin bütün yüksəkliklərdən ucada dayanan bir zirvə olduğunu, şəhidlərimizin ruhunun hər zaman uca tutulacağını, ehtiramla yad olunacağını qeyd edib. Şirvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev çıxış edərək ölkəmizin hər bir bölgəsində olduğu kimi şəhərimizdə də Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğının yüksək səviyyədə olduğunu vurğuladı və Allahdan şəhidlərimizə rəhmət diləyib.
Qəhrəman şəhidimiz Ramil Əliyevin təhsil aldığı 9 nömrəli tam orta məktəbin və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllimləri Ramil haqqında xoş xatirələrini bölüşüblər. Anası Xuraman xanım övladı haqqında böyük kədərlə söz açaraq, bir ana kimi onunla fəxr etdiyini, belə tədbirlərin keçirilməsinin şəhid ailələrinə mənəvi dəstək olduğunu bildirib.
Şəhid Ramil Əliyevin təhsil aldığı 9 nömrəli tam orta məktəbin şagirdləri və gənclər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Tədbirin sonunda Gənclər Evi tərəfindən şəhid Ramil Əliyev haqqında hazırlanmış təqdimat videosu nümayiş olunub.
Mətbuat xidməti