Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib.

08 dekabr 2021 | 16:00

08 dekabr 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan şəhər Gənclər və İdman İdarəsinin və “Şirvan Gənclər  Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib.
   Seminarda Şirvan şəhər İcra Hakimiyyətində yaradılan Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, Polis Şöbəsinin, Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman İdarəsinin, Gənclər evinin, Mərəkəzi Şəhər Xəstəxanası PHŞ-in nümayəndələri, ümumtəhsil məktəblərinin psixoloqları, gənclər iştirak edib.
   “Şirvan Gənclər  Evi” SXM-in direktoru Əfqan Həsənov tədbiri giriş sözü ilə açaraq bu günki tədbirin Beynəlxalq Gender əsaslı zorakılığa qarşı kampaniyaya öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.
   Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Samirə İsmayılova çıxış edərək 25 noyabr tarixinin bütün dünyada Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü, 10 dekabr  tarixinin isə Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edildiyini, bu iki tarix arasında dünyada beynəlxalq “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının keçirildiyini bildirib və  bu kampaniyanın qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırdığını diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında”  Qanun qəbul edilib, qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb.  Birinci vitse-prezident, çox hörmətli  Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün mühüm işlər görülür.
   Şirvan şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin mayoru Nazim Bağırov Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə bağlı görülmüş işlərdən danışıb və hüquq-mühafizə orqanları tərəfindən zorakılıq hallarının aşkarlanması, bu sahədə mübarizə tədbirlərindən bəhs edib.
   Şirvan şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Hüseyn İsmayılov zorakılığa yol açan səbəblərin başında narkomaniya, təhsilsizlik, iqtisadi asılılıq, hüquqi bilgisizlik, patriarxal mədəniyyətin dayandığını vurğulayıb. Zorakılığa məruz qalan şəxslərin çox vaxt belə halları gizli saxladığını, aidiyyəti orqanlara gec müraciət edildiyini bildirib və ölkəmizdə məişət zorakılığı, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərin, məişət zorakılığı sahəsində hüquqi maarifləndirmənin vacibliyini qeyd edib.
   Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in Doğum şöbəsinin mama-ginekoloqu Sevinc Alışova çıxışında erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsinin onların təhsilinə, bir fərd kimi inkişafına mane olduğunu, psixologiyalarına mənfi təsir göstərdiyini qeyd edib. Erkən nikahın gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin bir sıra fəsadlar yaratdığını bildirib. Belə halların sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu diqqətə çatdırıb.
   Şirvan şəhər 21 nömrəli tam orta məktəbin direktoru Səadət Quliyeva zorakılığa qarşı ilk növbədə ailələrdə və orta məktəblərdə maariflənmə aparılmasının və gələcəyin sağlam ailəsinin təməlinin bu gün yetişməkdə olan sağlam dünyagörüşlü gənclər olduğunu vurğulayıb. Bunun üçün məktəb psixoloqları və valideynlərin daim əlaqəli işləməsinin vacibliyini qeyd edib.
   Seminarın sonunda iştirakçılar gender əsaslı zorakılığa qarşı tədbirlərin davamlı olması və bu sahədə maarifləndirmənin gücləndirilməsi barədə təkliflər səsləndiriblər.


   Mətbuat xidməti

Keçidlər