Şirvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbirləri davam edir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 18-ci ildönümünün geniş qeyd edilməsi ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında ulu öndərin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilir. Tədbir iştirakçıları öncə şəhərin Heydər Əliyev Meydanında ucalan abidəsini ziyarət edir, abidə önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını ifadə edirlər. Bu tədbirlərin davamı olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şura üzvlərinin, hüquq mühafizə orqanlarının və ictimai-siyasi qurumların nümayəndələrinin iştirakı ilə 11 dekabr 2021-ci il tarixdə şəhərin Mədəniyyət Mərkəzində Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında Şuşa Dövlət Musiqili Dram Teatrının və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yaradıcı kollektivin ümummilli lider Heydər Əliyevə həsr etdiyi ədəbi-bədii kompozisiyanın təqdimat mərasimi keçirilib. Öncə Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını fəda edən ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi “Böyük ömrün dastanı” poeması əsasında hazırladıqları ədəbi-bədii kompozisiyanı tamaşaçılara təqdim edib. Ədəbi-bədii kompozisiya tədbir iştirakçılarında böyük dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, xalqımız qarşısında tarixi xidmətləri barədə zəngin təsəvvür yaradıb. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi ilə görüşərək kompozisiya barədə təəssüratlarını bölüşüb, yaradıcı kollektivə uğurlar arzu edib.
Sonda Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi ilə xatirə şəkli çəkilib.
Mətbuat xidməti