Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “STEAM Azərbaycan” Festivalının qalibi Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey Publik Hüquqi Şəxsin komandasını təbrik edib.
9-10 dekabr 2021-ci il tarixlərində 6-11-ci sinif şagirdləri üçün Bakı Ekspo Mərkəzində Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi çərçivəsində ilk SAF 2021(STEAM Azerbaijan Festival) keçirilmişdir. Festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarını inkişaf etdirməkdən ibarətdir. Festival çərçivəsində 10 kateqoriya üzrə - “STEAM Open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego Sumo”, “Line follower”, “3D Cad”, “Short Movie”, “Edu Drone”, “Humanoıd Robot” yarışlar təşkil edilmişdir. Əlavə olaraq məktəblilərə Kvest texnologiyaları modulu üzrə “Escape Room”la tanış olmaq, oyunun aktiv iştirakçısına çevrilmək imkanı yaradılmışdır. Festivalda regionlardan 91 komandadan 374 nəfər, paytaxt üzrə 198 komandadan 518 nəfər olmaqla, ümumilikdə 289 komandadan 892 nəfər iştirak etmişdir.
Ölkəmizdə ilk dəfə keçirilən “STEAM Azərbaycan” Festivalında Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey Publik Hüquqi Şəxsin 10 müəllim, 21 şagirdindən ibarət komandaları 11 layihə ilə şəhərimizi layiqincə təmsil edib. Təqdim edilən layihələr finala vəsiqə qazanıb. Finalda Lego Sumo junior kateqoriya üzrə “VİCTOR” komandası I yerin qalibi olaraq qızıl medal qazanıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov İcra Hakimiyyətinin məsul əməkdaşları ilə birlikdə 21 dekabr 2021-ci il tarixdə Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey Publik Hüquqi Şəxsin müəllim və şagirdləri ilə görüşüb. Görüş zamanı festivalda iştirak edən komandalar öncə öz layihələrini qonaqlara təqdim edib. Sonra görüş iştirakçıları SHORT MOVIE kateqoriyasına aid olan maraqlı sujet xəttinə malik vətənpərvərlik mövzusunda çəkilmiş “3000 Şəhidin səsi” adlı qısa metrajlı filmə tamaşa ediblər. Görüşdə iştirak edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “STEAM Azərbaycan” Festivalında iştirak edən qalib komandanın üzvlərini İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib. Ölkəmizdə STEAM layihəsinin Azərbaycan Respublikasının birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə keçirildiyini vurğulayıb. Bu layihənin istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, onların bilik və bacarıqlarının artırılması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsinə xidmət etdiyini qeyd edib. Komandanın belə bir möhtəbər tədbirdə qazandığı uğuru ölkəmizdə, o cümlədən Şirvanda təhsilin inkişafına göstərilən dövlət qayğısının təzahürü kimi dəyərləndirib. İcra başçısı Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey Publik Hüquqi Şəxsin müəllim və şagirdlərindən ibarət komandaların üzvlərini bir daha təbrik edib, onlara daha böyük nailiyyətlər arzu edib.
Sonda xatirə şəkli çəkilib.
Mətbuat xidməti