Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərinin sonuncu şəhidi Əliyev Elçin Əliqardaş oğlunun şəhadətinin 40-cı günü xatirəsi yad edilib.

26 dekabr 2021 | 16:00

Dekabrın 26-da Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının dövlət sərhəddində törətdiyi təxribat nəticəsində baş verən döyüşlər zamanı ölkəmizin ərazi bütövlüyü və müdafiəsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Azərbaycan Ordusunun əsgəri, Şirvan şəhər sakini Əliyev Elçin Əliqardaş oğlunun izdihamla son mənzilə yola salınmasından 40 gün keçir. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşları, şəhid ailələri,  şəhidin ailə üzvləri  Şirvan şəhər Şəhidlər Xiyabanında Əliyev Elçin Əliqardaş oğlunun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. 44 günluk Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın «Dəmir yumruğu»nda birləşən hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışaraq bu gün hər bir azərbaycanlının Ali Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə qürur duyduğunu söyləyib. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşdığını, ölkəmizdə Vətən uğrunda döyüşənlərə ən yüksək dəyər verildiyini bildirib. Şirvan şəhərində də şəhidlərin hörmət və izdihamla son mənzilə yola salındığını, onların xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanında geniş abadlıq-bərpa işlərinin aparıldığını, şəhid analarının şərəfinə “Şəhid anası” memorial abidə kompleksinin ucaldıldığını vurğulayıb. Qeyd edib ki, şəhərimizin sakinləri və qonaqları müqəddəs məkanı ziyarət etdikcə Vətən uğrunda canından keçən oğullarımızı xatırlayacaq, “Şəhid anası” abidəsinin qarşısında bütün şəhid analarına minnətdarlıqlarını bildirəcəklər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Əliyev Elçin də daim qəlblərdə yaşayacaq və onun əziz xatirəsi hər zaman yad ediləcəkdir. Şirvan şəhərinin Vətən müharibəsində birinci şəhidi Asif Qəribovla sonuncu şəhidi Elçin Əliyevin yaxın dost olduğunu, bu dostluğun rəmzi olaraq Asiflə başlayan şəhadət yolçuluğunun Elçinlə başa çatmasını, bir daha anaların gözüyaşlı qalmamasını və Elçinin Şirvanın qəhrəmanlıq tarixində sonuncu şəhid olaraq qalmasını arzulayıb.
    Şəhidlərimizin ruhuna dualar oxunduqdan sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və tədbir iştirakçıları şəhid Əliyev Elçin Əliqardaş oğlunun evində yas mərasimində iştirak ediblər.
    Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mətbuat xidməti

Keçidlər