Şirvan Gənclər Evində şəhid Məmmədli Cavid Natiq oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
14 yanvar 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və “Şirvan Gənclər Evi” SXM-in təşkilatçılığı ilə Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmiş şəhid Məmmədli Cavid Natiq oğlunun doğum günü münasibətilə xatirə tədbiri təşkil olunub. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəis müavini mayor Musa Nağıyev, şəhid ailələri, şəhidin təhsil aldığı məktəbin müəllim və şagird kollektivi, şəhid ailələri, Gənclər Evinin könüllüləri iştirak edib.
Tədbir şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə açıq elan olunub. Gənclər Evinin direktoru Əfqan Həsənov çıxış edərək şəhidlik zirvəsinin bütün yüksəkliklərdən uca olduğunu, illər sonra üçrəngli bayrağımızın Qarabağ səmasında dalğalanmasını şəhidlərimizə borclu olduğumuzu, vətən üçün gözünü qırpmadan canından keçən qəhrəmanların ruhunun hər zaman uca tutulacağını qeyd edib.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxışında Allahdan şəhidlərimizə rəhmət və ailələrinə səbir diləyib. Müzəffər Ali Baş Komandanın ətrafında Dəmir yumruq kimi birləşərək Şanlı zəfərimizə imza atan Cavid kimi oğulları böyüdən şəhid valideynlərinə minnətdarlığını bildirib. Ölkəmizin hər bir bölgəsində olduğu kimi şəhərimizdə də Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğının yüksək səviyyədə olduğunu vurğulayıb. Qeyd edib ki, əbədiyyət zirvəsinə ucalan şəhidlərimizin bizə olan Vətən əmanətini gözümüz kimi qorumalı, onu gülüstana çevirmək üçün əlimizdən gələni etməliyik.
Sonra şəhid Cavid Məmmədlinin təhsil aldığı 16 nömrəli tam orta məktəbin müəllimləri Cavid haqqında xoş xatirələrini bölüşüblər, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Şəhidin valideynləri Cavid haqqında böyük kədərlə söz açaraq, onunla fəxr etdiklərini, belə tədbirlərin keçirilməsinin şəhid ailələrinə mənəvi dəstək olduğunu bildiriblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra Gənclər Evi tərəfindən şəhid Cavid Məmmədli haqqında hazırlanmış təqdimat videosu nümayiş olunub.
Sonda tədbir iştirakçıları “Şirvan Gənclər Evi” SXM-in vətənpərvərlik klubunda Birinci və İkinci Qarabağ müharibəsinə, Şanlı Zəfərə və şəhidlərimizə həsr olunmuş guşələrlə tanış olublar.
Allah şəhidlərimizə rəhmət eləsin.
Mətbuat xidməti