Vətən müharibəsinin şəhidi Məmmədli Cavid Natiq oğlunun doğum günü qeyd edilib.
Torpaqlarımızın işğaldan azad edilməsi, Vətənimizin bütövlüyü uğrunda döyüşən, qanıyla tarix yazan şücaətli oğulardan biri Məmmədli Cavid Natiq oğlunun doğum günü doğulub boya-başa çatdığı Şirvan şəhərində qeyd edilib.
16 yanvar 2022-ci il tarixdə Şirvan şəhərinin qəhrəman oğlu şəhid Məmmədli Cavid Natiq oğlunun doğum günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Məharət Mustafayev, Aynur Fərzəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, İcra Hakimiyyəti aparatının, şəhərin idarə və müəssisələrinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, şəhidin ailə üzvləri, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Məmmədli Cavid Natiq oğlunun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Məharət Mustafayev, Aynur Fərzəliyeva şəhidin məzarı önündə çıxış edərək Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə Məmmədli Cavidin valideynlərinə təşəkkür ediblər və Allahdan onlara səbir diləyiblər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıblar. Bildiriblər ki, prezident-ordu-xalq vəhdətinin, birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımız düşməndən azad edildi, haqq-ədalət bərpa oldu, Şanlı Zəfər günü tariximizə şəhidlərimizin qanı ilə yazıldı. Üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmasından qürur duyduqlarını vurğulayıblar. Qeyd ediblər ki, Vətən uğrunda ən şirin nemət olan canını fəda etməklə ən uca zirvəyə yüksələn Cavidin və onun kimi yüzlərlə mərd və cəsarətli oğulların şücaəti heç vaxt qədirbilən xalqımız tərəfindən unudulmayacaqdır. Çıxış edənlər ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizdən bizə əmanət qalan ailələrinə və yaralılara göstərdikləri diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyiblər.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Cavidin və onun silahdaşlarının xatirəsinin daim əziz tutulacağını, onların bizə həyatları bahasına ərmağan qoyduqları vətən torpaqlarının göz bəbəyi kimi qorunacağını söyləyib.
Şəhid ailələri adından çıxış edən Vətən müharibəsinin şəhidi Zülfüqarlı Zeynalın atası Alim Zülfüqarlı Cavid kimi oğullarla bütün Azərbaycan xalqının qürur duyduğunu bildirib və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Ziyarətin sonunda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!
Mətbuat xidməti