Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “İstiqlal yolumuzun ilk zirvəsi-20 Yanvar” adlı rəsm sərgisi keçirilib.

19 yanvar 2022 | 16:00

19 yanvar 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan şəhər Heydər  Əliyev Mərkəzi və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 1990-cı  il 20 Yanvar  faciəsinin  32-ci  ildönümünə  həsr  olunmuş  “İstiqlal yolumuzun ilk zirvəsi-20 Yanvar” adlı istedadlı yeniyetmə və gənclərin rəsmlərindən  ibarət sərgi keçirildi.
   Sərgidə 10-dan çox həvəskarın 30-a yaxın rəsm və əl işləri nümayiş olundu. Anım tədbirində Ulu öndər Heydər Əliyevin, xalqımızın azadlığı və müstəqilliyi yolunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi Fəridə Yahyayeva və Şirvan Dövlət Rəsm Qalereyasının direktoru  Çinarə Vəliyeva açaraq 20 Yanvar faciəsi və Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizələr haqqında  məlumat verərək , 32 il öncə baş verən bu qanlı faciənin hər birimizin yaddaşına əbədi olaraq həkk olunduğunu, həmin gün Azərbaycan tarixinə Qanla yazılmış bir səhifə olsa da, bu tarixin eyni zamanda Azərbaycan dövlətinin istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu bildirdilər. Ulu öndər Heydər Əliyevin həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, Qanlı 20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət verdiyi diqqətə çatdırıldı.
   Sərgidə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, rəis müavini Əziz Abbasov, Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov 20 Yanvar faciəsi və nümayiş olunan rəsm əsərləri barədə təəssüratlarını bölüşdülər. Çıxış edənlər bildirdilər ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvar hadisələrindən 32 il ötməsinə baxmayaraq, 20 Yanvar qəhrəmanlıq, şəhidlik zirvəsi kimi xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Azərbaycan xalqı 20 Yanvar faciəsini hər il Ümumxalq Hüzn Günü kimi qeyd etməklə öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir.
   Gün ərzində şəhər ümumtəhsil məktəblilərinin, Şirvan şəhər Mərkəzi Kitabxana Sisteminin, Şirvan Musiqi Məktəbinin, Şirvan şəhər Tarix-diyarşunaslıq muzeyinin əməkdaşları, Şirvan şəhər Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri və şəhər sakinləri sərgidə nümayiş olunan əsərlərlə tanış oldular.

 

   Mətbuat xidməti

Keçidlər