Şirvanda şəhid Bağırov Süleyman Loğman oğlunun doğum günü qeyd olunub.
25 yanvar 2022-ci il tarixdə 30 ilə yaxın torpaq həsrətinə son qoyan Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda canından keçərək şəhadətə yüksələn qəhrəman oğullarımızdan biri Bağırov Süleyman Loğman oğlunun doğum günü qeyd edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları öncə Şirvan şəhər Şəhidlər Xiyabanında Süleyman Bağırovun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək şəhidin ailəsinə başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. 44 günlük Vətən müharibəsində dövlət, xalq və ordunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğu” ətrafinda sıx birləşərək Şanlı Qələbəmizin qazanılmasından danışıb. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda ölümü gözə alan cəsur, şücaətli vətən oğullarının qəhrəmanlığından söhbət açıb. Böyük Qələbəni, Şanlı Zəfər Yürüşünü xalqımıza yaşatmaq üçün şirin canlarından keçən qəhrəman şəhidlərimizin hər zaman dərin ehtirama layiq olduğunu vurğulayıb. Süleyman kimi igid, mərd oğullarımız sayəsində üçrəngli bayrağımızın ölkəmizin hər yerində qürurla dalğalandığını bildirib. Həm I, həm də II Qarabağ müharibəsi zamanı şirin canlarını fəda edərək Vətən torpağını qoruyan igidlərimizin qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacağını diqqətə çatdırıb. Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə hər zaman qürur duyduğunu söyləyib. Hazırda dövlət siyasətinin əsas istiqamətlərindən biri olan müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsindən, onların problemlərinin vaxtında həllinə nail olunmasından, Şirvanda da şəhid ailələri və qazilərə yüksək səviyyədə diqqət və qayğı göstərilməsindən bəhs edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov Süleyman kimi mərd oğullarımzın canları bahasına düşmən tapdağından azad edilən tprpaqlarımızın bundan sonra da göz bəbəyi kimi qorunacağını diqqətə çatdırıb. Bildirib ki, 44 günlük müharibədə bütün dünya xalqımızn vətən sevgisini, ordumuzun böyük gücünü gördü. Belə igid oğulların qanı qarışmış torpağın bizim üçün müqəddəs olduğunu və torpaq uğruna həlak olanların xalqın yaddaşında daim yaşayacağını söyləyib.
Azərbaycan Ordusunun leytenantı olan Süleyman Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Süleyman Bağırov oktyabrın 8-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Şəhid Süleyman Bağırova həsr olunmuş tədbir Şirvan Gənclər Evində davam edib.
Şəhidin ailə üzvləri Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı”nda aparılan abadlıq, yenidənqurma işlərinə, qara mərmərdən qəbirüstü abidələrin ucaldılmasına, Vətən müharibəsi şəhidlərinin doğum və anım günlərinin yüksək səviyyədə təşkilinə, və digər abadlıq, quruculuq işlərinə, göstərilən köməkliyə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!
Mətbuat xidməti