Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı ənənəvi olaraq hər ayın sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edir.
27 yanvar 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri ilə birlikdə ənənəvi olaraq hər ayın sonuncu cümə axşamı olduğu bu gün də kimi Şirvan Şəhidlər Xiyabanını ziyarət edib. Öncə I Qarabağ müharibəsi zamanı Şirvan şəhərindən itkin düşənlərin xatirəsinə ucaldılan abidə önünə tər qərənfillər qoyulub, xatirələri ehtiramla yad edilib. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, ailələrinə səbir dilənib.
Tədbir “Şəhid anası” memorial abidə kompleksinin önündə davam edib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələri ilə görüşüb, onlara belə vətənpərvər, şücaətli, igid oğullar yetişdirdikləri üçün təşəkkürünü bildirib. Azərbaycan Respubliksasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin respublikamıza rəhbərliyi dövründə yetişən gənclərin Müzəffər ordumuzun erməni təxribatlarına və təcavüzünə qarşı həyata keçirdiyi əks hücum əməliyyatı zamanı göstərdikləri qəhrəmanlıqlardan danışıb. 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfərin əldə edilməsinə görə Silahlı Qüvvələrimizin əsgər və zabitlərinə, şəhidlərə minnətdarlığını ifadə edib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını, illər keçsə də, nəsillər dəyişsə də unudulmayacaqlarını vurğulayıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb, bu qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işlərindən danışıb.
Sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıb və bu barədə çıxış etmələri üçün onlara söz verib.
Tədbirdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, Şəhər İcra Hakimiyyətinin başçısı və əməkdaşları Vətən müharibəsi başlayandan şəhid ailələri və qazilərin yanında olub, onların problemlərinə həssas münasibət göstəriblər. Şəhər İcra Hakmiyyəti başçısının hər ayın sonuncu cümə axşamı şəhid ailələri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etdiyini, şəhidlərin doğum və anım günlərində onlarla birlikdə olduğunu vurğulayıblar.
İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin qaldırdığı məsələlərlə bağlı onları məlumatlandırıb, həlli istiqamətində aidiyyəti qurumlara zəruri tapşırıqlar verib.
Sonda şəhər məscidinin imamı Əvəz Mehrəliyev Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü uğrunda həyatını fəda edən bütün şəhidlərimizin ruhuna dualar oxuyub.
Mətbuat xidməti