Şriftin ölçüsü :

Saytın rəngi :

Başın sağ olsun, Vətən!

01 fevral 2022 | 16:00

Kəlbəcər rayonunda çovğun nəticəsində itkin düşərək həlak olan baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib. Bu gün şəhidin cənazəsi yaşadığı Şirvan şəhərinə gətirilib.
   Bağırov Fuad Allahverdi oğlu 3 noyabr 1991-ci ildə Şirvan şəhərində anadan olub. 1998-ci il də Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2009-2013-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb.  Rütbəsi baş leytenantdır. Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. “Qüsursuz xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Baş leytenant Bağırov Fuad Allahverdi oğlu həlak olduğu vaxt Kəlbəcər rayonu N saylı hərbi hissədə rabitəçi işləyib. Ailəli idi. Bir oğlu və bir qızı var.
   Qeyd edək ki, 2022-ci ilin yanvarın 29-da Kəlbəcər rayonunun Alagöllər səhəsində hava şəraitinin kəskin dəyişməsi ilə bağlı Azərbaycan ordusunun dörd hərbi qulluqçusu - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu xidməti tapşırığını yerinə yetirən zaman ərazidə istiqaməti itirərək azıb.
   Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyətinin və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb və onlar hazırda Bakıda hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb.
   Davam edən axtarışlar nəticəsində itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib.
   Şirvan Şəhər İcra Hakimiyyəti şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
   Allah rəhmət eləsin!


   Mətbuat xidməti

Keçidlər