Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcərdə çovğun nəticəsində həlak olan zabit Şirvan şəhərində dəfn edilib.

01 fevral 2022 | 16:00

2022-ci ilin yanvarın 29-da Kəlbəcər rayonunda çovğun nəticəsində itkin düşərək həlak olan Azərbaycan Ordusunun zabiti, baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi bu gün Şirvan şəhərində yaşadığı evə gətirilib və onunla vida mərasimi keçirilib.
    Vida mərasimindən sonra şəhidin cənazəsi fəxri qaravulun və böyük izdihamın müşayiəti ilə Şirvan şəhər Şəhidlər Xiyabanına aparılıb və canından çox sevdiyi torpağa tapşırılıb. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və havaya yaylım atəşi açılıb.
    Dəfn mərasimində şəhidin doğmaları ilə yanaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri, Şəhər İcra Hakimiyyətinin başçısı və məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının və Mərkəzi İcra Hakimiyyəti orqanlarının regional təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhidin silah yoldaşları iştirak edib.
    Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Rabitə İdarəsinin rəisi, general-mayor Məmməd Eminov şəhidin valideynlərinə başsağlığı diləyib və üçrəngli Dövlət Bayrağını əbədi xatirə saxlanılması üçün şəhidin atası Allahverdi Bağırova təqdim edib. Baş leytenant Fuad Bağırovun nümunəvi, şərəfli döyüş yolundan danışıb, vətənpərvər, cəsur zabit kimi şəhidlik zirvəsinə ucaldığını söyləyib.
    Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda Birinci və İkinci Qarabağ müharibəsində Şirvan şəhərinin qəhrəman oğullarının da misilsiz şücaət göstərdiyini və adlarının tarixə əbədi həkk olunduğunu bildirib. Şəhadətə yüksələn vətən oğulları ilə hər bir azərbaycanlının  qürur duyduğunu, onların daim qəlblərdə yaşayacağını diqqətə çatdırıb. Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhidlərin və müharibə iştirakçılarının ailələrinə həssalıqla yanaşıldığını, onların problemlərinin həllinə xüsusi diqqət göstərildiyini vurğulayıb.
    Şəhidin ruhuna ehtiram əlaməti olaraq məzarı üzərinə əklillər və gül dəstələri qoyulub. Şəhər məscidinin imamı Əvəz Mehrəliyev şəhid Fuad Bağırov başda olmaqla, vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub.
    Baş leytenant Fuad Bağırovun əzizləri ağır itki olmasına baxmayaraq, övladlarının şərəfli ölümü, şəhidliyi ilə ailələrinə başucalığı gətirdiyini qeyd edərək, vida mərasimini yüksək səviyyədə təşkil etdiklərinə görə Ölkə başçısına, Müdafiə Nazirliyinin və Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
    Allah rəhmət eləsin!
    Şəhidlər ölməz, Vətən bölünməz!

Mətbuat xidməti

Keçidlər