Şəhid Bağırov Fuad Allahverdi oğlunun şəhadətinin 7-ci günü xatirəsi yad edilib.
2022-ci ilin yanvarın 29-da Kəlbəcər rayonunda qar çovğununda itkin düşərək həlak olan Azərbaycan Ordusunun zabiti, baş leytenant Bağırov Fuad Allahverdi oğlunun izdihamla son mənzilə yola salınmasından 7 gün keçir.
Bu münasibətlə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri Şirvan şəhər Şəhidlər Xiyabanında Bağırov Fuad Allahverdi oğlunun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandanımızın «Dəmir yumruğunda» birləşən hərbçilərimizin göstərdiyi şücaətdən danışaraq bu gün hər bir azərbaycanlının Ali Baş Komandanımızla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə qürur duyduğunu söyləyib. Şəhidlərin Allah dərgahında ən yüksək mərtəbədə olduğunu, onların xalqımız tərəfindən daim yüksək hörmət və ehtiramla yad edildiyini vurğulayıb. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşdığını, ölkəmizdə Vətən uğrunda döyüşənlərə ən yüksək dəyər verildiyini bildirib. Şirvan şəhərində də şəhidlərin hörmət və izdihamla son mənzilə yola salındığını, onların xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanında geniş abadlıq-bərpa işlərinin aparıldığını, şəhid analarının şərəfinə “Şəhid anası” abidəsinin ucaldıldığını diqqətə çatdırıb. Şəhər İcra Hakimiyyətində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları tərəfindən şəhid ailələri ilə mütəmadi əlaqə saxlanıldığını, onların problemlərinin həlli istiqamətində müvafiq işlərin icra olunduğunu bildirib. Qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Fuad Bağırov da daim qəlblərdə yaşayacaq və onun əziz xatirəsi qədirbilən xalqımız tərəfindən hər zaman yad ediləcəkdir.
Tədbir iştirakçıları şəhid Fuad Bağırov başda olmaqla, vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar ediblər.
Baş leytenant Fuad Bağırovun əzizləri ağır itki olmasına baxmayaraq, övladlarının şərəfli ölümü, şəhidliyi ilə ailələrinə başucalığı gətirdiyini qeyd edərək, şəhid ailələrinə göstərilən diqət və qayğıya görə Ölkə başçısı çənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətbuat xidməti