Bu gün Vətən müharibəsinin şəhidi baş əsgər Kamran Fərəcovun doğum günüdür.
Ata-babalarımızdan bizə miras qalan torpağı qoruyanlar, bu müqəddəs amal uğrunda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə seçilənlər zaman keçdikcə əfsanəyə dönür, şanlı adları nəsildən-nəslə ötürülür. Vətənimizin bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canından, qanından keçən belə şücaətli oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, xatirələrini əziz tutmalı, onların keçdiyi şərəfli döyüş yolu dillər əzbəri olmalıdır.
Bu gün Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda canından keçərək şəhadətə yüksələn qəhrəman oğullarımızdan biri Fərəcov Kamran İlqar oğlunun doğum günü Şirvan şəhərində qeyd edilib.
14 fevral 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları öncə Şirvan şəhər Şəhidlər Xiyabanında Kamran Fərəcovun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. 44 günlük Vətən müharibəsində dövlət, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğu” ətrafinda xalq və ordunun sıx birləşərək qazandığı Şanlı Qələbədən danışıb. İşğaldan azad edilən torpaqlarımız abadlaşdıqca, o torpaqlarda üçrəngli bayrağımızı dalğalandıran, bizə Qələbə sevincini və qürurunu yaşadan Kamranların ruhunun şad olacağını söyləyib. Həm I, həm də II Qarabağ müharibəsi zamanı şirin canlarını fəda edərək Vətən torpağını qoruyan igidlərimizin hər zaman dərin ehtirama layiq olduqlarını, qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacağını diqqətə çatdırıb. Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə hər zaman qürur duyduğunu söyləyib. Hazırda dövlət siyasətinin əsas istiqamətlərindən biri olan müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsindən, onların problemlərinin vaxtında həllinə nail olunmasından, Şirvanda da şəhid ailələri və qazilərə yüksək səviyyədə diqqət və qayğı göstərilməsindən bəhs edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov baş əsgər Kamran Fərəcovun vətənə məhəbətindən, igidliyindən, döyüş yolundan danışıb. Qeyd edib ki, Kamran hərbi xidmətini başa vurduqdan sonra evə qayıtsa da hərbiçi peşəsinə olan vurğunluğu və vətənpərvərliyi onu yenidən ordu sıralarına qaytarıb. 2016-cı ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlayıb. 5 il ərzində hərbiçi peşəsinin sirlərinə müvəffəqiyyətlə yiyələnib və peşəkar hərbçi kimi 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində fəal iştirak edib. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut və Xocavənd istiqamətlərində gedən döyüş əməliyyatlarında əsl qəhrəmanlıq və şücaət nümayiş etdirib.
Tədbirin sonunda şəhidin ailə üzvləri Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı”nda aparılan abadlıq, yenidənqurma işlərinə, qara mərmərdən qəbirüstü abidələrin ucaldılmasına, Vətən müharibəsi şəhidlərinin doğum və anım günlərinin yüksək səviyyədə təşkilinə, və digər abadlıq, quruculuq işlərinə, göstərilən köməkliyə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətbuat xidməti