Şirvan şəhər 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseyin şəhid məzunlarından bəhs edən kitabın təqdimatı olub.
Bu gün Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseydə vaxtilə həmin məktəbdə təhsil almış Birinci və İkinci Qarabağ müharibəsi və atəşkəs dövrünün şəhidlərindən bəhs edən “Şəhidlər ölməz, Vətən bölünməz” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sənan Qafarov, məktəbin müəllim kollektivi, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak edib. İlk öncə torpaqlarımızın bütövlüyü və düşməndən azad edilməsi naminə qəhrəmanlıq nümunəsi göstərməklə, şəhidlik zirvəsinə ucalan qeyrətli vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir dilənib.
18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseyin direktoru İsmayıl Yusifov çıxış edərək, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasında canından keçən qəhrəmanların şücaətinin məhz işğal dövründə ailələrdə və təhsil müəssisələrində aparılan düzgün vətənpərvərlik tərbiyəsinin nəticəsi olduğunu bildirib. Qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin respublikamıza rəhbərliyi dövründə yetişən gəncliyin dövlətinə, millətinə, bayrağına necə sədaqətli olduğunu 44 günlük Vətən müharibəsində bütün dünya gördü.
Kitabın həmmüəllifi, tanınmış publisist Alik Rzayev şirvanlıların həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük İkinci Qarabağ Müharibəsində düşmən üzərində qazanılan qələbənin hərb tariximizə qızıl hərflərlə yazılmasında mühüm xidmətlər göstərdiklərini söyləyib. Kitabın Şirvan şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan kiçik bir addım olduğunu vurğulayıb. Qeyd edib ki, müharibə qəhrəmanlarının həyatı, keçdikləri döyüş yolunun işıqlandırılması gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində böyük rol oynayacaqdır.
Şəhid ailələri adından çıxış edən şəhid Mübariz İsrayilovun bacısı Amaliya İsrayilova və şəhid Zülfüqarlı Zeynalın atası Alim Zülfüqarlı şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Kitabda öz layiqli yerini tutan məktəbin şəhid məzunlarının xatirələrinin qələmə alınmasında əməyi keçənlərə təşəkkür ediblər. Qeyd ediblər ki, bu kitab şəhid ailələrinin dərdinə və ağrısına az da olsa, məlhəm olacaqdır.
Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sənan Qafarov Birinci Qarabağ müharibəsində işğal olunan torpaqlarımızdan, son nəfəsinə qədər düşmənə qarşı vuruşan, canından, qanından keçən igidlərimizdən, İkinci Qarabağ Müharibəsində xalqımıza Zəfər sevinci bəxş edən şəhidlərin döyüş yollarından, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb. Qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram əlaməti olaraq qələmə alınmış “Şəhidlər ölməz, Vətən bölünməz” kitabının bu yönümdə atılan mühim bir addım olduğunu diqqətə çatdırıb, kitabın müəllifləri Alik Rzayevə və Xəyalə Səfərovaya təşəkkürünü bildirib.
Tədbirin sonunda şəhid ailələrinə və təqdimat mərasiminin iştirakçılarına “Şəhidlər ölməz, Vətən bölünməz” kitabının nüsxələri hədiyyə edilib.
Mətbuat xidməti