Şirvanda səyyari qəbul keçirilib.
3 mart 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 21 nömrəli tam orta məktəbin iclas zalında səyyar qəbul keçirib. Qəbulda millət vəkili İltizam Yusifov, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Qəbuldan öncə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov 21 nömrəli tam orta məktəbdə Vətən müharibəsində Şirvan şəhərindən həlak olmuş şəhidlərin adının verildiyi sinif otaqları və yaradılmış şəraitlə tanış olublar.
Qəbulda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkədə aparılan abadlıq quruculuq işlərindən, regionların sosial İqtisadi inkişafı Dövlət Proqramının icrası istiqamətində görülən işlərdən, respublikanın müdafiə qüdrətinin gücləndirilməsi, ordu quruculuğu sahəsində əldə olunan uğurlardan, erməni təxribatına və təcavüzünə qarşı 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrindən danışıb. Həmin döyüşlərdə Şirvan şəhərindən də 1000-ə yaxın gəncin iştirak etdiyini, onlardan 100 nəfərdən çox gəncin yaralandığını, 21 nəfərin şəhadətə yüksəldiyini qeyd edib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını, illər keçsə də unudulmayacağını vurğulayıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini diqqətə çatdırıb. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-bərpa işlərindən danışıb. Şirvan şəhər Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidlərinin məzarlarının üstünün qara mərmərdən götürüldüyünü, Birinci Qarabağ müharibəsdi şəhidlərinin də məzarlarının qara mərmərdən yenidən qurulacağını bildirib. Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında aparılan abadlıq-yenidənqurma işlərindən, parkda salınan “Qarabağ” və “Zəfər” xiyabanlarından, Leyla Əliyevanın təşəbbüsü ilə "İDEA" İctimai Birliyinin "Bizim həyət" layihəsi çərçivəsində regionlardan ilk dəfə şəhərimizdə yaradılan abad məhəllədən söz açaraq, şəhər ərazisində yerləşən küçələrin abadlaşması və işıqlandırılması istiqamətində görülən işlərdən danışıb. Sosial evlərin tikintisi ilə əlaqədar MİDA-ya müraciət edildiyini, bu məqsədlə torpaq sahəsinin ayrılması istiqamətində işlərə başlanıldığını bildirib.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
Milli Məclisin üzvü İltizam Yusifov da qəbulda qaldırılan bəzi məsələlərə öz münasibətini bildirərək, onların həlli istiqamətində Milli Məclisdə və aidiyyəti mərkəzi icra orqanları qarşısında təkliflərlə çıxış edəcəyini qeyd edib.
Qəbulda iştirak edən vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti