Şirvan şəhərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub .
Şirvan şəhər Olimpiya İdman Kompleksində Şirvan Şəhər İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
Tədbirdən öncə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Gənclər və İdman idarəsinin rəisi Samit Həsənov, idman məktəblərinin rəhbərləri, veteran və gənc idmançıların iştirakı ilə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsinə ehtiram əlaməti olaraq önünə gül dəstələri düzülüb.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətənimizin azadlığı, müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Sonra şəhərin gənc idmançılarının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları izlənilib.
Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov ölkəmizdə idmanın tarixi, keçdiyi inkişaf yolu və bu günki nailiyyətləri barədə məlumat verib. Ötən illər ərzində yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkilində, sağlam və gümrah böyüməsində, onların hərbi-vətənpərvərlik tərbiyəsində, fiziki hazırlığında, nəcib keyfiyyətlərə yiyələnməsində Gənclər və İdman İdarəsinin həyata keçirdiyi tədbirlərdən danışıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, idmançıları və idmansevərləri Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək, onlara idmanın inkişafında və gələcək yarışlarda uğurlar arzulayıb. Bədən tərbiyəsi və idmanın Azərbaycan dövləti üçün hər zaman ən mühüm sahələrdən birini təşkil etdiyini bildirib. Qeyd edib ki, ölkəmizin son 20 ildə qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycanın hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biri olduğunu vurğulayıb. Dövlət səviyyəsində həyata keçirilən tədbirlərin davamı olaraq, Şirvan şəhərində müxtəlif idman və bədən tərbiyəsi mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bundan sonra da ölkə idmanının inkişafına Şirvan şəhər idmançılarının öz töhfələrini verəcəyinə əmin olduğunu bildirib.
Sonda bir qrup idmançı Bədən Tərbiyəsi və İdmanın inkişaf etdirilməsində göstərdiyi fəaliyyətlərinə görə, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının “Fəxri Fərman”ları ilə təltif olunub. Təltif olunanlar idmançılara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər və əvvəlki illərdə olduğu kimi növbəti illərdə də yeni-yeni qələbələr qazanacaqlarını qeyd ediblər.
Mətbuat xidməti