Şirvanda şəhid analarının iştirakı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub.
Tədbirdən öncə şəhərin mərkəzi meydanında ucalan Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsinə ehtiram olaraq abidə önünə gül dəstələri düzlüb. Şəhid analarının iştirakı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ümumşəhər tədbirində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Polis Şöbəsinin rəisi Hikmət Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər Ağsaqqallar şurasının sədri Fəxrəddin Rəhimov, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Müstəqil Azərbaycan Dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək başda şəhid anaları, şəhidlərin həyat yoldaşları olmaqla bütün Azərbaycan xanımlarını 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını ifadə edib. Tarixin bütün dövrlərində Azərbaycan qadınının ağlı, təmkini, vəfası və yüksək analıq keyfiyyətləri ilə seçildiyini, zərifliyin, nəcibliyin, gözəlliyin rəmzi olduğunu söyləyib. Müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin ölkəmizdə yaranmasının, dünyanın bir çox ölkələrindən xeyli əvvəl seçib-seçilmək hüququnu əldə etməsinin Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının təzahürü olmaqla yanaşı, ölkəmizdə qadına verilən dəyərin və ehtiramın başlıca nümunəsi olduğunu diqqətə çatdırıb. Ölkəmizdə uğurla həyata keçirilən Ulu öndər Heydər Əliyevin banisi olduğu dövlət qadın siyasətindən bəhs edərək, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda xanımların misilsiz xidmətləri olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində möhkəm qanunvericilik bazası yaradıldığını, qadınların mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunduqlarını, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak etdiklərini, ölkəmizin inkişafına böyük töhfələr verdiklərini diqqətə çatdırıb. Dövlətin və xalqın müdafiəsində və inkişafında ölkə başçısı ilə bütün cəbhələrdə çiyin çiyinə mübarizə aparan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın fəaliyyətinin ölkə xanımları üçün əsl ilham mənbəyi olduğunu söyləyib. Birinci və İkinci Qarabağ müharibəsində canından keçən Vətən oğullarına Allahdan rəhmət diləyib, belə qəhrəmanları böyüdən bütün anaların qarşısında baş əydiyini, Ölkə başçısı tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini qeyd edib. Bundan sonra da yüksək insani keyfiyyətlərə malik, sağlam, vətənpərvər nəslin yetişməsi, Vətənimizin xoşbəxt gələcəyi üçün qadınların kişilərlə çiyin-çiyinə çalışacaqlarına əmin olduğunu bildirib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov, Vətən müharibəsinin şəhidi Ramil Əliyevin anası Xuraman Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər Təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyev, şəhər Ağsaqqallar şurasının sədri Fəxrəddin Rəhimov dövlətimizin əsaslarının möhkəmləndirilməsində, ölkəmizin hərtəfli inkişafında, eyni zamanda ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçmiş Vətən oğullarının yetişməsində Azərbaycan qadınlarının rolundan bəhs ediblər. Şəhidlərimizin xalqımızn qəlbində daim yaşayacağını və gələcək nəsillər üçün örnək olacağını vurğulayıblar. Şəhid analarının və vəfalı həyat yoldaşlarının ən yüksək hörmət və ehtirama layiq olduqlarını qeyd ediblər.
Sonra Şirvan şəhərinin incəsənt nümayəndələri, Azər Həsənov, İrşad İbişov, İbrahim Məmmədov, Həsən Qibiyev hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Tədbirin sonunda şəhid analarına gül dəstələri və hədiyyələr təqdim olunub.
Mətbuat xidməti