Şirvan şəhərində veteranlarla görüş keçirilib.
9 mart 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşəbbüsü ilə veteranlarla görüş keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov şəhərin mərkəzi meydanında ucalan Ulu öndər Heydər Əliyevin abidəsini gül dəstələri ilə ziyarət edib əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra Şirvan Gənclər Evi Sosial xidmət müəssisəsində yaradılan Vətənpərvərlik klubu ilə tanış olublar.
Şirvan Gənclər Evində keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, millət vəkili İltizam Yusifov, Şirvan şəhər Prokuroru Kamal Talıbov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə və əmək veteranları iştirak ediblər.
Tədbirdə Müstəqil Azərbaycan Dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açaraq Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının formalaşmasında, onun bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında Ümummilli lider, Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən, veteranlarla bağlı dövlət səviyyəsində görülən işlərdən geniş danışıb. Müharibə veteranlarının cəmiyyətdə xüsusi nüfuza malik olduğunu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynadığını bildirib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın Dəmir yumruğu ətrafında birləşən Azərbaycan xalqı tarixi torpaqlarının azad olunması uğrunda haqq savaşında qalib gəlməklə dövlətimizin gücünü və qüdrətini dünyaya nümayiş etdirdi. Şanlı Qələbədən sonra Ölkə başçısı tərəfindən müharibə iştirakçılarının və şəhid ailələrinin qaldırdıqları məsələlərin həllinə göstərilən davamlı diqqəti xüsusi vurğulayıb, Şirvan şəhərində də onların maddi-məişət şəraitinin yaxşılaşdırılması, şəhərin ictimai-siyasi həyatında yaxından iştirakına imkanların yaradılması ilə bağlı tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Həm II Dünya Müharibəsində, həm də I və II Qarabağ müharibəsində Şirvan şəhərindən iştirak edən gənclərin göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən, müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən dövlət qayğısından, onların adlarının əbədiləşdirilməsi istiqamətində şəhərdə görülən işlərdən bəhs edib. Qeyd edib ki, “Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun İsmət Qayıbov adına parkda və məzarı üzərində büstü ucaldılıb, adına küçə verilib, şəhər ərazisində qələbənin 50 illiyi şərəfinə abidə ucaldılıb. Birinci Qarabağ müharibəsində şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanları Nofəl Quliyevin, Tahir Bağırovun, Rəfail Həbibovun büstləri qoyulub, adlarına məktəb, küçə verilib. 2020-ci ilin 27 sentyabrında erməni təxribatlarına və təcavüzünə qarşı əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsində canından keçən 22 şəhid ümumxalq izdihamı ilə Şirvan Şəhidlər Xiyabanında dəfn edilib, qara mərmərdən qəbirüstü abidələri ucaldılıb. “Şəhid adının əbədiləşdirilməsi haqqında“ qanununa uyğun olaraq 5 şəhidin adı yaşadıqları küçələrə verilərək əbədiləşdirilib. Şəhidlərin xatirəsinə ehtiram olaraq təhsil aldıqları məktəblərdə sinif otaqlarına adları verilib, şəhərin mərkəzi meydanında müasir monitor quraşdırılıb, monitorda Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin fotoşəkilləri, barələrində məlumatlar davamlı olaraq təbliğ edilir. Şəhərdə 10 hektardan çox sahəsi olan Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkı ən müasir üslubda əsaslı təmir edilərək, orada “Qarabağ” və “Zəfər” xiyabanı salınıb, Vətən müharibəsində qələbə çalan əsgər və zabitlərimizin şərəfinə “Zəfər” abidəsi ucaldılıb. “Şirvan Şəhidlər Xiyabanı” nda şəhid analarının şərəfinə “Şəhid Anası” memorial abidə kompleksi ucaldılıb”. İlqar Abbasov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində mühüm rolu olan veteran hərəkatının daha da genişlənməsi üçün Şəhər İcra Hakimiyyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini vurğulayıb.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbirin təşkilatçılığındakı köməkliyə görə Şirvan şəhər İcra Hakimiyyətinə minnətdarlığını bildirib və təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Vətənpərvərliyin təbliği, gənc nəslin azərbaycançılıq ideologiyası ilə tərbiyə edilməsi istiqamətində Təşkilatın üzərinə düşən işin məsuliyyətindən bəhs edib. Şirvan şəhərində veteranlara göstərilən diqqət və qayğını və yerli veteran təşkilatlarının rolunu müsbət dəyərləndirib.
Millət vəkili İltizam Yusifov dövlət səviyyəsində aparıaln vətənpərvərlik və milli təəssübkeşlik hissinin düzgün aşılanmasının nəticəsi olaraq Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini bildirib. Bu sahədə veteranların da xüsusi rolunu qeyd edib.
Sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şirvan şəhər şöbəsinin sədri Vaqif Qayıbov, əmək veteranı Məhərrəm Teymurov, Vətən müharibəsi əlili Elvin Abbasov, Vətən müharibəsinin veteranı Zaur Əhmədov ölkəmizdə veteranların hər tərəfli diqqət və qayğı ilə əhatə olunduğunu, eləcə də, veteranların gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində fəaliyyətindən bəhs ediblər. Onlara göstərilən həssas münasibətə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov veteranların sosial problemlərinin həlli, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində uğurlu fəaliyyətini nəzərə alaraq Respublika Veteranlar Təşkilatına Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanını təqdim edib.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
Mətbuat xidməti