Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda səyyar qəbul keçirilib.

10 mart 2022 | 16:00

10 mart 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 5 nömrəli tam orta məktəbin iclas zalında səyyar qəbul keçirib. Qəbulda millət vəkili İltizam Yusifov, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamladıqdan sonra son iki il ərzində pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq yerlərdə təşkil olunan görüşlərə, qəbullara, tədbirlərə fasilə verildiyini, buna baxmayaraq, həmin müddətdə sakinlərin istək və tələblərini nəzərə alaraq, onlarla fərdi qaydada qəbullar keçirildiyini bildirib. 2022-ci ilin martın 6-dan etibarən dövlət orqanlarında vətəndaşların qrup və fərdi qaydada qəbulunun bərpa olunduğunu vurğulayan İcra Hakimiyyətinin başçısı sakinlərin mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində təşkil olunacaq səyyar görüşlərlə bağlı məlumatlandırılacağını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbə, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verib. Vətən müharibəsində Şirvan şəhərindən də 1000-ə yaxın gəncin iştirak etdiyini, onlardan 100 nəfərdən çox gəncin yaralandığını, 22 nəfərin şəhadətə yüksəldiyini qeyd edib. Səfərbərliyə cəlb olunamn 417 işsiz gəncin ailələrinə birdəfəlik maddi yardım göstərildiyini, qazilərin sağlamlığını bərpası üçün tibbin bütün müasir imkanlarından istifadə edildiyini söyləyib. Müharibə ərəfəsində Şirvan Mərkəzi Xəstəxanasının yaralıların qəbulu və müalicəsi üçün tam hazır vəziyyətə gətirildiyini və Şirvan sakinlərinin də bu sahədə sıx birləşdiyini xatırladıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini diqqətə çatdırıb. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-bərpa işlərindən danışıb. Şirvan şəhər Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidlərinin məzarlarının üstünün şəhid analarının müraciətlərinə əsasən qara mərmərdən götürüldüyünü, Birinci Qarabağ müharibəsi şəhidlərinin də məzarlarının qara mərmərdən yenidən qurulacağını bildirib.  Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında aparılan abadlıq-yenidənqurma işlərindən, parkda salınan “Qarabağ” və “Zəfər” xiyabanlarından, Heydər Əliyev Fondunun I vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "İDEA" İctimai Birliyinin "Bizim həyət" layihəsi çərçivəsində regionlardan ilk dəfə şəhərimizdə yaradılan abad məhəllələrdən söz açaraq, şəhər ərazisində yerləşən küçələrin abadlaşması və işıqlandırılması istiqamətində görülən işlərdən danışıb. Sosial evlərin tikintisi ilə əlaqədar MİDA-ya müraciət edildiyini, bu məqsədlə torpaq sahəsinin ayrılması istiqamətində işlərə başlandığını  bildirib.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qəbulda iştirak edən millət vəkili İltizam Yusifov da sakinləri maraqlandıran sualları cavablandırıb. Qaldırılan bir çox məsələlər  yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 Mətbuat xidməti

Keçidlər